Qubada aqrar müəssisələrə və meyvə bağlarına baxış keçirildi - Fotolar
Quba rayonunda kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramının icrası ilə bağlı rayonda görülən işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunan növbəti işgüzar görüş keçirilib.
Hurriyyet.net xəbər verir ki, görüşdə Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məsul əməkdaşı Habil Əzənmədov, Aqrar Xidmətlər Agentliyinin sədr müavini Elməddin Namazov, aqrar sahədə çalışan mütəxəssislər, Quba rayonu üzrə aqrar sahə ilə bağlı yaradılmış Qərargah üzvləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan RİH başçısı İlqar Mahmudov “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı Quba rayonunda görülən işlərdən danışıb. İcra başçısı çıxışında Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin aqrar sahəyə göstərdiyi diqqət və qayğıdan, bu sahənin ölkə iqtisadiyyatının prioritet sahələrindən biri kimi müəyyən edilməsindən bəhs edib. Qeyd olunub ki, dövlət başçısının tapşırıqlarına əsasən, rayonda məhsuldarlığın artırılması, yeni bağların salınması və emal müəssisələrinin yaradılması istiqamətində mühüm addımlar atılıb. İlqar Mahmudov qarşıda duran vəzifələrin vaxtında və keyfiyyətli şəkildə icrası üçün bütün resursların səfərbər olunacağını vurğulayıb.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məsul əməkdaşı Habil Əzənmədov, Aqrar Xidmətlər Agentliyinin sədr müavini Elməddin Namazov dövlət proqramının əhəmiyyətini vurğulayıblar. 2026–2030-cu illəri əhatə edən bu sənədin icrasının ölkənin ərzaq təhlükəsizliyinin təminatında və ixrac potensialının artırılmasında mühüm rol oynayacağını diqqətə çatdırıblar.
Görüşdən sonra RİH başçısı İlqar Mahmudov, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məsul əməkdaşı Habil Əzənmədov və Aqrar Xidmətlər Agentliyinin sədr müavini Elməddin Namazov 6 ay ərzində kənd təsərrüfatı sahəsində görülmüş işlərlə yerində tanış olub, yeni salınmış intensiv meyvə bağlarına baxış keçirib, yaradılan şərait və istehsal prosesi ilə tanış olub, sahibkarların qayğıları ilə maraqlanıblar.








