“Qurani-Kərimdə nə hicab, nə də niqab məsələsi tam şəkildə qoyulmayıb”
”Hesab edirəm ki, orta məktəblərdə uşaqlar vahid məktəbli geyimindən istifadə etməlidirlər. Uşaqların dini inanclarının formalaşmasında əsas məsuliyyət valideynlərin üzərinə düşür. Məktəb isə uşağa hər hansı dini dünyagörüşünü təlqin etməməli, onun öz fikirlərini formalaşdırması üçün şərait yaratmalıdır. Çünki müəyyən yaşda uşağın bu məsələlərə dair müstəqil qərar vermək səlahiyyəti və yetkinliyi yoxdur”.
Bunu “Yeni Sabah”a açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Rafiq Əliyev deyib.
O, bildirib ki, islamda da uşaqların tərbiyəsi və mənəvi inkişafı məsələsinə xüsusi yanaşma var:
“Buna görə də mən bu məsələnin yenidən müzakirəyə çıxarılmasının tərəfdarıyam. Ancaq baş örtüyü məsələsini digər dini tələblərlə qarışdırmaq düzgün deyil.
Qurani-Kərimdə qadınların geyimi ilə bağlı müəyyən göstərişlər var. Deyilir ki, baş örtüyünüzü sinənizə, eyni zamanda çiyinlərinizə örtün ki, həmin yerlər və qızıllar görünməsin. Lakin Qurani-Kərimdə nə hicab, nə də niqab məsələsi tam şəkildə qoyulmayıb.
Baş örtüyü məsələsini çadra ilə qarışdırmaq lazım deyil. Özümüzün kəlağayımız var. Baş örtüyü ilə bağlı ayələrin məzmununu və həmin dövrün ictimai şəraitini nəzərə almaq lazımdır.
O dövrdə zinət əşyaları və qadınların geyimi ilə bağlı müəyyən adət-ənənələr mövcud idi. Bu məsələləri tarixi və dini kontekstdən kənarda qiymətləndirmək düzgün olmazdı.
Hicab məsələsinin tarixi islamdan daha qədim dövrlərə gedib çıxır. Buna görə də mövzunu yalnız dini müstəvidə deyil, tarixi və ictimai baxımdan da araşdırmaq lazımdır”.
R. Əliyev hesab edir ki, ötən gün baş verən hadisələrdə təxribat elementləri var:
“Məktəblərin şüşələri sındırıldı, çox acınacaqlı durumdur. Səsələndirilən şüarlar isə sırf imam Hüseyn şüarları idi. Burada 100% təxribat elementi var.
Mənim fikrimcə, müəyyən qüvvələr bu məsələni öz maraqları üçün istifadə etməyə çalışırlar. Həm İran, həm də Türkiyə ilə əlaqəli bəzi dairələr bu proseslərdən istifadə etdilər, daha çox isə İran. Müxtəlif dini qrupların və onların əlaqələrinin də bu kontekstdə nəzərə alınması vacibdir.
Biz belə hallarda təxribatlara şərait yaratmamalı, baş verən hadisələri diqqətlə araşdırmalı və məsələnin mahiyyətini düzgün müəyyənləşdirməliyik. Əsas məqsəd cəmiyyətdə gərginliyin artmasının qarşısını almaq və bu cür məsələlərin sağlam müzakirə mühitində həllinə nail olmaqdır”.