📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Qurban Qurbanov Konfrans Liqasının püşkünü dəyərləndirdi

2022-11-07 22:10:00

Qurban Qurbanov Konfrans Liqasının püşkünü dəyərləndirdi

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Konfrans Liqasının pley-off mərhələsinin püşkünü dəyərləndirib.

50 yaşlı mütəxəssis "Gent" komandası barədə bu sözləri deyib:

"Konfrans Liqasının pley-off mərhələsində bütün potensial rəqiblərimiz güclü idi. Ötən il olduğu kimi, bu il də ilk olaraq bizim rəqibimiz müəyyənləşdi. Güclü komandalardan biri ilə qarşılaşacağıq. “Gent" ciddi rəqibdir. Belçika futbolu milli komanda səviyyəsində uğurlar əldə edib. Son illərdə klub səviyyəsində inkişaf göz önündədir. Bu mövsüm Belçikanın digər təmsilçisi "Brügge" Çempionlar Liqasında güclü komandaların yer aldığı qrupda 2-ci yeri tutaraq, mərhələ adlamağı bacarıb. Bu isə onların çempionatlarının, klublarının gücündən və rəqabətindən xəbər verir. Bu mövsüm avrokuboklara hansı istəklə başlamışdıqsa, o istəklə oyunlara çıxacağıq. Futbolçularıma necə güvənirdimsə, indi də elədir. Qarşıda xeyli vaxtımız var. Çalışacağıq ki, futbolçularımıza hər xırda elementi düzgün izah edək. Əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq. İlk oyunumuz evdə olacaq. İnanıram ki, həm evdə, həm də səfərdə azarkeşlərimizi sevindirmək üçün əlimizdən gələni edəcəyik".

Qeyd edək ki, “Qarabağ” – “Gent” oyunu 2023-cü il fevralın 16-da, cavab oyunu isə bir həftə sonra baş tutacaq. \\Offsideplus.az