📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"R" səsinin tələffüzünün pozulmasının yaranma səbəbləri və həlli - DEFEKTOLOQ AÇIQLADI

2022-04-12 23:30:00

Bəzi insanlar "R" səsini tələffüz edə bilmirlər və ya çətinliklə tələffüz edirlər. Buna uşaqlarda da, böyüklərdə də rast gəlirik. "R" səsinin tələffüzünün pozulmasının yaranma səbəbi nədir? Bu qüsur anadangəlmə olmur, sonradan yaranan problemlərdəndir. Bəs görəsən bu problemin həlli nədir?

Defektoloq Rufa Mirişlidən münasibət öyrənib.

Defektoloq bildirib ki, problemin səbəbini müəyyən etmək üçün loqopedlər ilk öncə artikulyar aparatın vəziyyətinə diqqət yetirir:

"Səslərin tələffüzünün pozulmasına loqopediyada "dislaliya" deyilir. Əgər bir uşaqda "d, r, t, s, c, s, ş" və s. kimi səslər pozularsa, dislaliyaya aid olunur. Biz loqopedlər ilk öncə artikulyar aparatın vəziyyətinə diqqət yetiririk. Əgər uşaqda artikulyar aparatda heç bir defekt yoxdursa, bu, mərkəzlə əlaqəli ola bilər. Mərkəzi sinir sisteminin funksional dəyişməsi buna səbəb ola bilər və ya mexaniki olaraq artikulyar aparatın anomaliyasıdır: damaq hündürdür, dilaltı pərdəsi var, dişləm yanlışdır. Uşağın yaşına uyğun problem də ola bilər. 3 yaşı var, "R" deyə bilmirsə, normaldır. Bu 5-6 yaşından sonra qüsur sayılacaq. O zaman da yoxlayırıq ki, anatomik quruluşdur, yoxsa funksional xarakter daşıyır? Aradan qalxma ehtimalının olub-olmamasını müəyyənləşdiririk. Biz loqopedlər müayinə zamanı diqqətlə yaşını, artikulyar aparatını, vəziyyətini, onun hərəkətliliyini nəzərdən keçiririk, bundan əlavə, valideynlərdə bu qüsurun olub-olmamasına baxırıq. Bu müşahidə olunursa, biz düşünə bilərik ki, bəlkə, uşaq valideynini təqlid edir? Uşaq danışıq formasının elə olduğunu normal qəbul etdiyi üçün onu özündə tətbiq edir.

Biz diqqət yetirməliyik ki, hansı nüansa görə uşaq "R" hərfini deyə bilmir. "R" səsinin koorreksiyası adətən 5 yaşdan sonra aparılır. Ola bilsin ki, bu, həftədə 2 və ya 3 dəfə olacaq. Zondlardan istifadə edərək və ya təqlid etdirərək bu səsi qoymaq olar. Amma zondlar iş prosesini daha da sürətləndirir. Çünki bu uşaq məktəbə getməlidir. Məktəbdə səsləri düzgün tələffüz etsin ki, hərfləri düzgün oxuya bilsin. Çünki gələcəkdə bizdə disqrafiya, disleksiya yarana bilər. Bu isə artıq oxu vərdişinə mane olar. Ona görə sürətləndirmək üçün mexaniki üsul daha əlverişlidir". \\Big.az