📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Rafael Milli Məclisdə yox, tikintidə olurdu” - Mərhum deputatın qardaşından şok açıqlama

2022-01-27 13:05:00

“Rafael Milli Məclisdə yox, tikintidə olurdu” - Mərhum deputatın qardaşından şok açıqlama

15 ilə yaxın Milli Məclisin deputatı olmuş, sonda deputat vəsiqəsini girov qoyaraq borc pul alan, həbs edildikdən sonra koronavirusdan vəfat edən Rəfael Cəbrayılovun cinayət işi üzrə məhkəmə araşdırması davam edir.

Hurriyyet.az xəbər verir ki, onun cinayət işi üzrə məhkəmə araşdırması Bakı Ağır Cinayətlər Məhkəməsində baş tutub.

Hakim Eldar Quliyevin sədrliyi ilə baş tutan məhkəmə prosesində mərhum deputatin digər qardaşı Rauf Cəbrayılov da ifadə verib.

Şahid bildirib ki, tikintiyə mərhum qardaşı R.Cəbrayılov nəzarət edirmiş:

"Tikinti işlərinə rəsmi olmasa da, qardaşım Rafael nəzarət edirdi. Təsisçisi isə Elşən və mən idim. Pul üstündə qardaşlar arasında münaqişə düşürdü. Mən dəfələrlə deyirdim ki faizə pul almayın, haramçılıqdı. Mən o şeylərdən uzaq idim. Deyirdik ki, Rafael, bizə de görək, bu pulları neynirsən, kimə verirsən? Bizim davamız daha çox onun faiz alması üstündə idi. Deyirdik ki, bəlkə səni təhdid edən var? Satılan evlərdən mənə faiz düşmürdü. Təsis payı məndə 20, Elşəndə isə 70 faiz idi. Şirkətin fəaliyyəti ilə Elşən məşğul olurdu. Rafael Milli Məclisdə yox, tikintidə olurdu".

Məhkəmə digər şahidlərin gətirilməsi üçün məcburi gətirilmə qərarı çıxarıb.

Məlumata görə, cinayət işində ümumilikdə 11 nəfər zərərçəkmiş var. Sabiq deputatın həmin şəxslərə ümumilikdə 2 milyon 571 min manat borcu var.

Rəfael Cəbrayılov vəfat etməzdən öncə məhkəmədəki çıxışlarında qardaşı Elşəni "şərəfsiz" adlandıraraq insanları onun aldatdığını, pulları ələ keçirdiyini demişdi.

Zərərçəkənlər arasında “Şərur-İnşaat” şirkətinin rəhbəri, “Şərurlu İsfəndiyar” kimi tanınan iş adamı İsfəndiyar Axundov da var.

Qeyd edək ki, Rəfael Cəbrayılov Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) maddələrilə ittiham olunurdu.

Məlumat üçün bildirək ki, qanuna görə, cinayət törətməkdə təqsirləndirilən şəxsin ölməsi cinayət təqibini istisna edən hallardan biri sayılır.

Qanunun tələbinə görə, həbsdə vəfat edən şəxsin cinayət işi üzrə yaxınlarından bir nəfər hüquqi varis kimi tanınır. Vəfat edən şəxs özünü təqsirli bilməyibsə, təyin olunan hüquqi varis onun əvəzinə məhkəmədə iştirak edir. Məhkəmə vəfat edən şəxsin təqsirini sübuta yetirsə, ona cəza təyin olunur, lakin təqsirləndirilən şəxsin ölümü ilə bağlı cinayət işinə xitam verilir. Məhkəmədə təqsirləndirilən şəxsin cinayət əməli sübut olunmasa, cinayət işinə bəraətverici əsaslarla xitam verilməsinə dair qərar qəbul olunur.

Musavat.com