📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ramiz Mehdiyev AMEA prezidenti vəzifəsindən istefa verdi

2022-02-15 09:47:00

Ramiz Mehdiyev AMEA prezidenti vəzifəsindən istefa verdi

 

"Bundan sonra evdə oturub kitablar yazmaqla məşğul olacağam"

Mehdiyevin hakim Yeni Azərbaycan Partiyasından da çıxarılacağı iddia olunur

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyev istefa verib.

“Hürriyyət” xəbər verir ki, bu barədə qərar AMEA Rəyasət Heyətinin dünən keçirilən iclasında qəbul edilib.

Ramiz Mehdiyev istefa ərizəsini təqdim edib və kollektivlə vidalaşıb.

“Baku TV” Ramiz Mehdiyevin AMEA-dan yola salınmasını görüntüyə alıb.

Qeyd edək ki, AMEA-nın prezidenti Ramiz Mehdiyev istefa verməsinin səbəbini açıqlayıb.

Ramiz Mehdiyev "Unikal"-a açıqlamasında istefa xəbərini təsdiqləyib və bildirib ki, yaşla əlaqədar bu addımı atıb: "Bundan sonra evdə oturub kitablar yazmaqla məşğul olacağam".

Ramiz Mehdiyev YAP-dan çıxarılacaq?

“Yaxın günlərdə AMEA prezidenti Ramiz Mehdiyev hakim Yeni Azərbaycan Partiyasının (YAP) sıralarından çıxarılacaq. Artıq bununla bağlı müəyyən hazırlıq işlərinə start verilib”.

Bu barədə isə “AzPolitika.info”ya hakim partiyaya yaxın mənbələr verib. Məlumatda qeyd olunur ki, R.Mehdiyevin ötən həftə AMEA-nın rəsmi saytında dərc etdiyi geniş məqalə YAP-da ciddi narazılıqla qarşılanıb. Çünki akademik həmin məqalədə hakimiyyətlə dialoqa gedən siyasi partiyaları aşağılayıb, onlara qarşı radikal müxalifətin apardığı kampaniyalarda istifadə etdiyi epitetlərdən yararlanıb. Bundan başqa, Ramiz Mehdiyev Azərbaycanın milli təhsil sistemi haqqında da təhqiramiz fikirlər səsləndirib . Eyni zamanda, onu tənqid edən Milli Məclisin bəzi üzvlərini, elm adamlarını təhqir edib.

Mənbə bildirib ki, Mehdiyevin müxalifət ritorikasından istifadə etməsi, millət vəkillərini aşağılaması YAP üzvləri tərəfindən də narazılıqla qarşılanıb, qəbuledilməz hesab olunub. Ona görə də, onun partiya sıralarından xaric edilməsi məsələsi ortaya qoyulacaq. Daha sonra akademiya rəhbərliyindən uzaqlaşdırılması ilə bağlı hakimiyyət qarşısında məsələ qaldırılacaq.

Hazırladı: KƏNAN