📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ramiz Mehdiyev və Abutalıbovun dindirilməsi tələb edildi - Prokuror nə dedi?

2021-11-29 17:50:00

Ramiz Mehdiyev və Abutalıbovun dindirilməsi tələb edildi - Prokuror nə dedi?

Bakı şəhər İcra Hakimiyyətinin keçmiş aparat rəhbəri, bir müddət icra başçısının müavini səlahiyyətlərini icra etmiş Rasim Quliyevin növbəti məhkəməsi baş tutub.

Hurriyyet.az xəbər verir ki, Rasim Quliyevin işi Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə araşdırılır.

Bu gün baş tutan prosesdə vəkil bildirib ki, Rasim Quliyev səhhətində problem yarandığı üçün Penitensiar Xidmətinin müalicə müəssisinə köçürülüb.

Vəkil müdafiə etdiyi şəxs barəsində həbs qətimkam tədbirinin ev dustaqlığı ilə əvəz edilsini istəyib.

Həmçinin vəkillər istintaqda dindirilməyən Bakı Hacıbala Abutalubovun və Ramiz Mehdiyevin məhkəmədə şahid qismində dindirilməsini istəyiblər. Amma məhkəmə vəsatətləri təmin etməyib.

Bildirək ki, prokuror Ramiz Mehdiyevin məhkəməyə gətirilməsini zəruri hesab etməsə də Hacıbala Abutalıbovun məhkəməyə gətirilməsi ilə bağlı qərarı hakimin mülahizəsinə buraxıb.

Məhkəmə istintaqı yekunlaşıb və növbəti prosesdə prokuror Rasim Quliyevə cəza istəyəcək.

İttihamda yazılır ki, R.Quliyev Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində yerləşən binanın, həmçinin yerli əhəmiyyətli mədəniyyət abidəsi kimi dövlət tərəfindən mühafizə olunan yaşayış evinin sökülməsi, yerində yeni binaların tikintisi üçün “FF-2011” şirkətinə qanunsuz icazə verib.

İttihama əsasən, Rasim Quliyev Nəsimi rayonu ərazisində ofis və yaşayış binalarının tikilməsinə dair 31 may 2018-ci il tarixli sərəncamı icra başçısının müavini vəzifəsini icra etdiyi vaxt imzalayıb. Həmin ərazidə 1893-cü ildə inşa edilmiş, yerli əhəmiyyətli tarix və mədəniyyət abidəsi kimi dövlət tərəfindən mühafizə olunan yaşayış evinin olması nəzərə alınmayıb.

Qeyd edək ki, Rasim Quliyevin yaxınları bildirir ki, həmin sərəncam Hacıbala Abutalıbovun zamanında imzalanıb.