📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"REAL hərbi mükəlləfiyyətin ləğv edilməsi, tam peşəkar orduya keçidin tərəfdarıdır" - İLQAR MƏMMƏDOV

2023-06-26 13:30:00

"Bununla belə, dövri könüllü hərbi təlimlərə gənclərimizdə həvəs artırılmalıdır"

"Bugünkü bayram münasibəti ilə bütün əsgər, gizir, zabit və generallarımızı təbrik edirəm! Bəzi tarixi anlarda xalqımızın tək təhlükəsizliyi yox, mövcudluğu da Ordumuzun bacarıq və qəhrəmanlığından asılı olur. Çalışmalıyıq bu cür tarixi məqamlar bir daha olmasın, xidmət göstərən şəxsi heyət daim sülh və əmin-amanlıq şəraitində ölkəmizin keşiyində sağ və salamat dursun". Hurriyyet.az xəbər verir ki, bunu Respublikaçı Alternativ Partiyasının (REAL) sədri İlqar Məmmədov deyib.

Rəhbərlik etdiyi partiyanın hərbi mükəlləfiyyətin ləğv edilməsinin, tam peşəkar orduya keçidin tərəfdarı olduğunu vurğulayan İlqar Məmmədov hesab edir ki, bununla belə, dövri könüllü hərbi təlimlərə gənclərimizdə həvəs artırılmalıdır: "Həvəs militarist təbliğatla deyil, respublikamızın bəşəri tarixdəki yerinə vətəndaşın yüksək qiymət verməsi nəticəsində yetişdirilir. Hesab edirəm ki, xarici siyasətimizi də elə qurmağa çalışmalıyıq ki, yaxın gələcəkdə hərbi xərclər ümumi daxili məhsulun 2 faizindən çox olmasın. Düzdür bu, tək bizim ölkənin xarici siyasətindən asılı deyil, amma məqsədimizi belə görməliyik, çünki hərbi xərclər bir nöqtəni keçəndən sonra ölkənin iqtisadi resurslarını tərəqqi cığırından yayındırır. Bir daha qəhrəman Ordumuzu bayram münasibətilə təbrik edir, hazırda hərbi xidmətdə olanlara, xidmətin ağır sınaqlarından şərəflə çıxmış qazı və veteranlara can sağlığı və səadət arzu edirəm!"

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az