"REAL növbədənkənar prezident seçkilərində texniki namizədlə çıxış etməyəcək" - İLQAR MƏMMƏDOV
"Siyasi partiyalar texniki namizədi qələbə üçün deyil, seçkidə iştirakın yaratdığı üstünlükləri əldən verməmək məqsədilə irəli sürür"
"REAL Partiyası növbədənkənar prezident seçkilərində texniki namizədlə çıxış etməyəcək: namizədimiz ya siyasi olacaq, yəni partiyanın rəhbəri kimi mən, ya da heç olmayacaq. Olmaya bilər, çünki ən ciddi önəm verdiyimiz 2024-cü ildə növbəti parlament seçkisidir". Hurriyyet.az xəbər verir ki, bunu Respublikaçı Alternativ Partiyasının (REAL) sədri İlqar Məmmədov qeyd edib.
Partiya sədri bildirib ki, texniki namizəddən istifadə həmişə də olmasa, adətən demokratiyaya zərərlidir: "Siyasi partiyalar onları qələbə üçün deyil, seçkidə iştirakın yaratdığı üstünlükləri əldən verməmək məqsədilə irəli sürür - komissiyalarda yer, müxtəlif kvotaların itirilməməsi və s. Texniki namizəd sayılacaq şəxsi, ya da təşkilatı əksər hallarda rəqibin klonu kimi də ortaya atırlar. Belə hallarda məqsəd seçicini çaşdırıb öz əsas rəqibinin səsini mümkün qədər azaltmaqdır".
İlqar Məmmədovun sözlərinə görə, oturuşmuş demokratiyada texniki namizədin istifadəsi gözə az dəyir: "Seçicilər təcrübəlidir və bu üsuldan faydalanmaq istəyən partiya rəqibinin səsini azaltmaqdan çox öz səsini itirir. Beləliklə, REAL Partiyasının qərarını gözləyin. Seçim aydındır: ya bütün diqqəti 2024-cü il növbəti parlament seçkisinə yönəldəcəyik, ya da növbədənkənar prezident seçkisində namizədlə iştirakı həmin hazırlıq işimizə uyğunlaşdıra biləcəyik. Ayrıca, bir məsələni də vurğulayım. Qarşıdakı növbədənkənar prezident seçkisi qanuni olsa da, bu cür fövqəladə alətlərdən üç dəfə ard-arda istifadə demokratik mübarizədən uzaq siyasi davranışdır. "Partiyalar hər an seçkiyə hazır olmalıdır" fikri ilə bu məqamda fəal çıxış edənlərə çox da inanmayın. Şüuraltı olaraq həmin fikir sizə yaxın, hətta məntiqli gələ bilər, amma bilin ki, aldanmışsınız. O fikri özünüzkü sanıb təkrarlamayın. Fövqəladə durum yoxdursa demokratiyada seçkilər müntəzəm və qanunda yazılan zamanında keçməlidir. Dalbadal üç dəfə təyin olunan növbədənkənar seçki isə bəzi siyasi təzyiqlərin öhdəsindən hakimiyyətin demokratik yanaşma əsasında gəlməkdə çətinlik çəkməsindən xəbər verir. Belə hallarda növbəti seçkini növbədənkənardan üstün tutmaqda siyasi partiya haqlı ola bilər".
Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.az