Referendum keçiriləcək, CİDDİ DƏYİŞİKLİKLƏR NƏZƏRDƏ TUTULUR
Natiq Cəfərli: "2024-cü il dövlət büdcəsində seçki xərclərinin kəskin artırılması da buna işarədir"
"Azı 7-8 ildir, əsas da 2020-ci ildə böyük hərbi qələbədən sonra dəfələrlə ölkədə yeni konstitusiya islahatlarının vacibliyindən danışmışıq, yazmışıq, əsas da bir neçə məqamı önə çəkmişik. Belə ki, icra hakimiyyəti institutunun ləğvi, mer institutu və yerli özünüidarə institutlarının yaradılması və səlahiyyət verilməsi, 14 iqtisadi rayonun inzibatı-ərazi vahidinə çevrilməsi, proporsional seçkiyə keçid, parlamentin və hökumətin səlahiyyətlərinin dəqiqləşdirilməsi, Naxçıvanın statusunun ləğvi və s. Bu gün ölkənin məlumatlı medialarının birində maraqlı yazı çıxıb - "Referendumun anonsu verildi: hansı yeniliklər gözlənilir", başlıqlı xəbərdə deyilir ki, yeni Ana Yasada deputat sayının artırılması, ölkənin inzibati-ərazi bölgüsünün dəyişdirilməsi, yaradılmış 14 iqtisadi rayonun inzibati-ərazi vahidinə çevrilməsi, yerli özünüidarəetmənin gücləndirilməsi, böyük şəhər bələdiyyələrinin təsisi, Naxçıvanın statusunun ləğvi, proporsional seçki və s. nəzərdə tutulur". Hurriyyet.az xəbər verir ki, bunu Respublikaçı Alternativ Partiyasının (REAL) icra katibi, politoloq Natiq Cəfərli qeyd edib.
.jpg)
Politoloq ümid edir ki, elə də olacaq və 2024-cü il dövlət büdcəsində seçki xərclərinin kəskin artırılması da buna işarədir: "Biz, REAL Partiyası ölkənin və dövlətin gələcəyi üçün çalışırıq, doğru bildiyimizi edirik və deyirik, ağa qara deməyin müxaliflik deyil, simasızlıq olduğunu düşünürük, müxalifət anlayışına yeni keyfiyyət qatmağa çalışırıq. Bəzi marginal, müxalifliyi qarayaxmaqla, qışqırmaqla, ağa qara deməklə, mız qoymaqla səhv salanlar zatən marginallaşıblar".
Natiq Cəfərlinin fikrincə, əgər hökumət onları qəsdən reklam etməsə, bir müddət sonra tam unudulub-gedəcəklər: "Bu ölkə, bu dövlət bizimdi, bu anlayışları heç kimə, əsas da hökumətə təslim etmək fikrimiz yoxdur. Yola davam!"
Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.az