Regionlarda pensiyalar niyə 4 gün gecikdirilir? – DSMF-dən açıqlama
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən sentyabrın 20-də respublika üzrə pensiyaların tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub. Həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyaları ödəniləcək.
Qeyd edək ki, Bakı, Sumqayıt şəhərləri Abşeron rayonu üzrə pensiya ödənişləri bundan 10 gün tez – sentyabrın 10-da ödənilib.
Avqust ayında ümumilikdə əhaliyə pensiyalar daha tez ödənilmişdi. Belə ki, ödənişlər regionlarda avqustun 16-da, Bakı, Sumqayıt şəhərləri Abşeron rayonunda isə həmin ayın 9-da verilib.
Beləliklə, iri şəhərlərdə ödənişlərin qrafikində dəyişiklik olmasa da regionlarda 4 gün fərqlə pensiyalar verilib. Bu da vətəndaşın aylıq pensiya almasında 34 gün zaman məsafəsi yaradır.
Pensiyalar regionlarda əhalinin əsas gəlir mənbələrindən biri hesab olunur. Vətəndaşlar kredit ödənişlərini, ərzaq, dərman və gündəlik tələbat mallarını bu ödənişlər vasitəsi ilə həyata keçirir. Ödənişlərin gecikidirlməsi isə onlara ciddi problemlər yaradır.
DSMF-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Rəşad Mehdili “AzPolitika”ya açıqlamasında bildirib ki, hər hansı gecikmədən söhbət gedə bilməz: “Nəzərə alın ki, vətəndaş sentyabr ayında həmin ayın pensiyasını alacaq. Bu, ödəniş ay başa çatmadan ödənildiyinə görə, ayın tarixindən asılı olmayaraq gecikmə adlandırıla bilməz”.
R.Mehdili Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu və regionlarda pensiya ödənişləri arasındakı 10 günlük fərqi maliyyələşmə qrafiki ilə əsaslandırıb. Onun sözlərinə görə, burada qeyri-adi nəsə yoxdur, pensiya ödənişləri ilə bağlı qrafik müəyyən edilib və ona uyğun olaraq maliyyələşidrmə aparılır.
“AzPolitika.info”