📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rəisinin ölümü ilə bağlı diqqət yetirilməsi VACİB OLAN MƏQAMLAR

2024-05-24 11:54:17

Rəisinin ölümü ilə bağlı diqqət yetirilməsi VACİB OLAN MƏQAMLAR

Fuad Qəhrəmanlı: "İran "Qızıl ay"cəmiyyətinin əraziyə heç bir bələdçiliyi olmayan mülki qrupları axtarışa cəlb olunduğu halda, bu yerləri bilən "Aşura" komandoslarının niyə axtarışdan kənar saxlanılması sual yaradır"

"İran prezidenti Rəisinin ölümü ilə nəticələnən helikopter qəzası ilə bağlı ilkin araşdırma yekunlaşıb və daha detallı təhqiqat isə davam edir. İlkin araşdırma bəzi maraqlı məqamları üzə çıxarıb". Hurriyyet.az xəbər verir ki, bunu siyasi şərhçi Fuad Qəhrəmanlı qeyd edib.

Siyasi şərhçi hesab edir ki, araşdırma nəticəsinə əsaslanaraq hadisənin qəza, yoxsa təxribat olmasını təxmin etmək olar: "Bununla bağlı əsasən aşağıdakı məqamlara diqqət yetirmək gərəkdir. Rəisinin uçduğu helikopter köhnə olmasına baxmayaraq, texniki baxımdan hər hansı problemi olmayıb və üçüncü ölkələr vasitəsi ilə əldə edilmiş zəruri ehtiyyat hissələr hesabına tam uçuşa yararlı vəziyyətdə olub. Helikopter 2 mühərrikli olub və bir qayda olaraq heç vaxt müharriklərdən ikisi də eyni vaxtda sıradan çıxmır. Əgər mühərriklərdən biri sıradan çıxarsa, digər mühərrikin köməyi ilə tam təhlükəsiz eniş etmək mümkündür. Ancaq bu hadisə zamanı iki mühərrik də eyni vaxtda sıradan çıxıb və bu üzdən də eniş etmək mümkün olmayıb. Ekspertlərin yekdil rəyinə əsasən iki mühərrik bir qayda olaraq partlayış halında eyni vaxtda sıradan çıxa bilər".

Fuad Qəhrəmanlının sözlərinə görə, helikopteri qəza nəticəsində havadan yerə düşürsə adətən bu vaxt helikopter iki və ya üç yerə ayrılmır: "Ayrılma o zaman olur ki, helikopterin quyruq tərəfində olan yanacaq çənində yanğın olsun, ya da ön kabinə tərəfdə partlayış olsun. Rəisinin helikopterinin üç yerə parçalanmasına və ön kabinədə olan pilotların tamamən yanmasına görə təhqiqatçılar ya ildırım, ya da ki, partlayış halında bunun mümkün ola biləcəyi qənaətinə gəliblər. Ancaq Rəisini müşayiət edən iki helikopterlər birgə uçuş zamanı havada hər hansı ildırım olmadığını bildiriblər. Mühafizə helikopterlərindən biri 1 dəq 30 saniyə sonra Rəisinin helikopterinin yoxa çıxdığını fərq edib və hava dumanlı olduğu üçün axtarış etmək fikrindən daşınıb. Bu halda olay yerindən 1 dəq 30 saniyəlik uçuş məsafəsinə əsasən hadisənin baş verdiyi ərazini dəqiq müəyyən etmək mümkün olduğu halda, Türkiyədən dron gələnə qədər axtarış daha çox kənar yerlərdə aparılıb".

Siyasi şərhçi bildirib ki, hadisə baş verən yer İran İraq sərhəddində yerləşən xüsusi təyinatlı "Aşura" dağ komanos birliyinin davamli təlim keçdiyi ərazi hesab olunur və onlar tərəfindən çox yaxşı tanınır: "Ancaq İran "Qızıl ay"cəmiyyətinin əraziyə heç bir bələdçiliyi olmayan mülki qrupları axtarışa cəlb olunduğu halda, bu yerləri bilən "Aşura" komandoslarının niyə bu axtarışdan kənar saxlanılması sual yaradır. Hadisədən az öncə Təbrizin imam cüməsi İran prezidenti ofisi ilə əlaqə saxlayıb problem olduğunu deyən anda rabitə qəfil kəsilib. Bu rəsmi informasiyadır. Belə çıxır ki, helikopter yerə düşdüyü vaxt içində sağ qalanlar olub. Ancaq hadisə baş verdikdə nəyə görə helikopterdə olan bütün elektronik sistemlər işləməz halda olub və heç bir siqnal almaq mümkün olmayıb. Halbuki uçus protokoluna əsasən Xamenei və Rəsisi, eləcə də İslam İnqilabının Keşikçiləri korpusunun rəhbərinin uçduğu helikopter və təyyarədə şəxsi peyk telefonundan əlavə iki GPS cihazı olması dəyişməz qayda olaraq nəzərdə tutulub. Rəisinin olduğu helikopterdə iki GPS sistemi olub. Bunlardan biri fövqəladə hallar üçün yer təsbit cihazdır ki, bu Rəisinin özündə olsa da, uçuş vaxtı onu aktiv hala gətirməyib. Digər GPS sistemi isə helikopterə aiddir və qəza yeri incələnərkən onun öncədən söndürüldüyü və işləmədiyi bəlli olub. Bunun niyə belə olduğu əsas sual doğuran məsələlərden biri sayılır. Halbuki adı uçuş vaxtı və istənilən qəza şəraitində bu sistem işlək vəziyyətdə olmalı idi. Uçuş protokoluna əsasən bu sitemi söndürmək olmaz. Rəisinin çantasında yalnız ona məxsus İranın öz kosmik peykinə bağlı "Sürəyya"adlandırılan peyk telefonu olub və telefon xüsusi olaraq bütün qəza halları zamanı işləmək qabiliyyətini qoruyacaq səviyyədə hazırlanıb. Bu telefon ali dövlət rəhbərliyi ilə birbaşa əlaqə saxlamaq üçün hər zaman işlək vəziyyətdə saxlanılırmış. "Ancaq hadisə baş verdikdən sonra salamat qalan bu telefondan da niyə siqnal almaq mümkün olmayıb" sualı da hələ ki , cavabsızdır. Ən maraqlı məqamlardan biri də budur ki, Türkiyə, İran və Pakistan arasında hava məkanınına nəzarətlə bağlı birgə əməkdaşlıq mərkəz tərəfindən may ayının 18-dən qəza olan ərazidə heç bir elektronik siqnal qeydə alınmayıb. İranın müraciəti əsasında həmin mərkəz 16:05-də rəsmi olaraq bildirib ki, hadisədən bir gün əvvəldən həmin ərazidən hər hansı uçuş olması ilə bağlı heç bir elektronik siqnal daxil olmayıb. Hadisə isə mayın 19-da baş verib. Belə məlum olur ki, İran prezidentinin helikopteri Araz çayına doğru gələrkən hadisə olan ərazidən keçən zaman belə onun helikopterindən hər hansı siqnal alınmayıb. Bu onu göstərir ki, geri dönərkən baş verən hadisə nəticəsində helikopterdən hər hansı siqnal alınmaması heç də təsadüfi deyilmiş və bu ərazidə peyk rabitə sistemi bloklanmış vəziyyətdə olub".

O əlavə edib ki, İran tərəfindən Türkiyədən cağrılmış "Akınçı" PUA-sına verilən axtarış koordinatları 3-dəfə dəyişdirilib və ən nəhayət, xeyli yubadıldıqdan sonra axtarış aparılacaq ərazi ilə bağlı doğru koordinat verilib: "Bu da əsas sual doğuran məqamlardan hesab olunur".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az