"Rejimin etdiyi bütün cinayətdə zorakılıqda, işgəncələrdə onların da əli var" - SİYASİ ŞƏRHÇİ
İran Konstitusiyasının Keşikçilər Şurası prezident seçkilərində iştirak edə biləcək altı siyasi xadimin namizədliyini təsdiqləyib.
Bu barədə “Tasnim” agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, növbədənkənar seçkilərdə iştirak hüququ Məclisin (parlamentin) sədri Məhəmməd Baqir Qalibaf, Tehran meri Əlirza Zəkani, İslam Respublikasının Təhlükəsizlik Şurasındakı ruhani liderinin nümayəndəsi Səid Cəlili, prokuror və keçmiş ədliyyə naziri Mostafa Purmohammadi, Məclis sədrinin keçmiş müavini Əmir Hüseyn Qazizadə Haşimi və parlament üzvü Məsud Pezeşkiana verilib.
İranın iki tanınmış siyasətçisi – eks-prezident Mahmud Əhmədinejad və parlamentin keçmiş spikeri Əli Laricani seçki yarışından imtina ediblər.
Referans.Az-a Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan danışıb:
"Namizədlərin hamısı mövcud siyasi rejimə sadiq insanlardır. 59 yaşlı Səid Cəlili Seyid Əli Xaməneinin etibarlı adamı hesab edilir. Rəisi kabinetində onun "kölgə hökuməti" yaratdığı da iddia olunur. Bu baxımdan Səid Cəlilinin prezident olması şansı daha çoxdur. Məhəmməd Baqer Qalibaf da hakimiyyət üçün şanslı namizədlərdən sayılır".
Sədrəddin Soltan bildirir ki, Güney siyasi fəalları seçkini baykota çağırır: "Ötən ilki etiraz aksiyalarında rejim tərəfindən öldürülərək itirilmiş gənclərin valideynləri də bu seçki kampaniyasını baykota çağırır. Hesab edirlər ki, rejimin bu siyasi kampaniyada iştirak etmək rejimin törətdiyi cinayətlərə şərik olmaqdır. Güney Azərbaycan siyasi fəalları da hesab edirlər ki, Tehran hakimiyyətinin bu cür oyunbazlıqlarında iştirak etmirlər. Çünki bu tip seçkilərin nəticəsi Azərbaycan türklərinin milli haqlarının təmin olunmasına heç bir faydası dəymir".
Şərhçi bildirir ki, İbrahim Rəisi qəssab idi. O inqilab əleyhinə olan qüvvələrə məhkəməsiz filansız höküm verən prokurorlardan biri olub: "Səid Cəlili də SEPAH-ın üzvü olub, Qalibaf da SEPAH üzvü olub. Yəni onlar etiraz aksiyalarının yatırılmasında əllərinə dəyənək götürüb küçələrə çıxmasalar da, rejimə qulluq ediblər. Onlardan hansı biri dedi ki, insanlara bu zülümü etməyək? Demədisə, deməli, insanlara edilən zülümə şərikdilər. Vəssalam. Rejimin adamıdır. Rejimin etdiyi bütün cinayətdə zorakılıqda, işgəncələrdə onların da əli var".
Müsahib deyir ki, İran seçicilərinin 50 faizi rejimin əlindədir: "Demək olar ki, bu seçkini rejim keçirdir. Rejim istəsə, bu sayla seçki keçirə bilər, amma buna demokratik seçki donu geydirmək, legitim olmaq məsələsi var. Ona görə seçki keçirdir, yoxsa, keçirtməyə də bilər".
Şəlalə Babayeva