📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Rəqəmlər Rusiyanın qısa müddət ərzində çox ağır itkilərə məruz qaldığını göstərir" - ŞAHİN CƏFƏRLİ

2022-03-17 14:06:00

"Bəzi rusiyapərəst soydaşlarımız Rusiyanın hələ əsas qüvvələrini və silahlarını döyüşə daxil etmədiyini deyirlər, əslində isə belə deyil"

"ABŞ kəşfiyyatı Rusiyanın Ukraynadakı itkilərini açıqlayıb. Kəşfiyyatdan bildirilib ki, ən təmkinli hesablamalara görə, 20 gün ərzində Rusiya ordusunun 7 mindən çox hərbçisi öldürülüb. Yaralıların sayı 14-21 min arasındadır. Mən şəxsən izlədiyim videolar və öyrəndiyim məlumatlar əsasında Ukraynanın açıqladığı rəqəmlərin həqiqətə daha yaxın olduğunu düşünürəm". Hurriyyet.az xəbər verir ki, bunu siyasi şərhçi Şahin Cəfərli qeyd edib.

Siyasi şərhçi hesab edir ki, ABŞ-ın məlumatları daha səhih olsa belə, yenə də bu rəqəmlər (ən azı 7 min ölü və minimum 14 min, maksimum 21 min yaralı) Rusiyanın qısa müddət ərzində çox ağır itkilərə məruz qaldığını göstərir: "Müharibənin 3 həftəsi bitmədən 4 generalın öldürülməsi də kifayət qədər yüksək rəqəmdir. Bəzi rusiyapərəst soydaşlarımız Rusiyanın hələ əsas qüvvələrini və silahlarını döyüşə daxil etmədiyini deyirlər. Əslində isə belə deyil. Rusiyanın döyüş qabiliyyətli elit hərbi hissələrinin hamısı Ukraynaya yeridilib və bunların bir çoxu döyüşlərdə ciddi zərbələr alıb".

Şahin Cəfərlinin sözlərinə görə, Rusiya kütləvi qırğın silahları istisna olmaqla, bütün hərbi arsenalından istifadə edib və edir.

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az