📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin özünün “özbaşınalıq qanunu” var?

2022-02-26 13:53:00

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin özünün “özbaşınalıq qanunu” var?

Aparat rəhbərinin müavini Bakcellin qanunsuz ödəniş almasını qanuni sayır

Baş prokurorluğun 961 Çağrı Mərkəzinin zəngləri qəbul etməməsinə  və qəbul edilməyən zəngə görə qanunsuz ödəniş tutulması özbaşınalığına hələ də son qoyulmayıb. Hələ də çağrı mərkəzinin susması və mobil operatorların bu susqunluğa görə abonentlərin balansından haqq tutması sürür. Çağrı mərkəzlərinin işini texniki yöndən təmin etmək görəvi daşıyan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) işi isə lap anlaşılmazdır. Nazirlik qanunsuz ödəniş tutulmasını qanunvericiliyin tələblərinə uyğun sayır! (?)

RİNN-in aparat rəhbərinin müavini Asif İsmayılov 25.02.2022 tarixli məktubla bildirib ki, abonentin balansından 3 manata yaxın vəsaitin tutulması Bakcell operatoru ilə danışılıb və 2 ay qabaq  (?-M.B. ) -21.12.2021-ci ildə nəzərə çatdırılıb ki, tutulma abonentlə xidmət qurumu arasında müqaviləyə əsasən , eləcə də istehlakçı hüquqlarının müdafiəsi Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun tənzimlənir. Bağlantıya baxan qurumun aparatının məsul şəxslərinin nəzərinə çatdırırıq ki, düz 7 il qabaq – 25 fevral 2015-ci ildə Nazirlər Kabineti “Dövlət orqanlarında çağrı mərkəzlərinin fəaliyyətinin təşkili Qaydaları”nı 50 nömrəli qərarla doğrulayıb. Qaydaların 2.1 -ci bəndində yazılıb : “Çağrı Mərkəzi zənglərin qəbulunu və cavablandırılmasını ÖDƏNİŞSİZ həyata keçirir”. Ödənişsiz həyata keçirilən və ümumiyyətlə, qəbul edilməyən zəngə görə 3 manat ödəniş, danışıq haqqı tutulması hansı qanunvericiliyin , hansı müqavilənin,  hansı istehlakçı hüquqlarının müdafiəsi tələblərinə uyğundur? Bəlkə biz bilmirik , Konstitusiyada yazılıb, hər qurumun,  RİNN -in özünün “özbaşınalıq qanunu” var?

Bildiyimiz odur ki, Konstitusiyanın 73-cü maddəsi heç kəsdən qanunla nəzərdə tutulmuş həcmdən artıq vergilərin və digər dövlət ödənişlərinin tutula bilməzliyini doğrulayır. Bu , dövlətin qanunvericilik sisteminin əsasını təşkil edən Ana Qanun , bu  Nazirlər Kabinetinin qərarı,  bu da çağrı mərkəzlərinə ölkənin hər yerindən mobil və stasionar telefonlardan zənglərin ÖDƏNİŞSİZ  daxil olmasını təmin etməli olan dövlət qurumunun cavabı! Hansının üstün olduğuna bağlantılı dövlət orqanları hüquq qiymətini verməlidir. Baş prokurorluğun xüsusi araşdırmalar idarəsinin zəngləri qəbul etməyən iki prokurorun inzibati məsuliyyətə cəlb edilməsi haqqında qiyməti kimi. Onu da vurğulayaq ki, bu qiymət də çağrı mərkəzlərinin zəngləri qəbul etməsinə nədən olmayıb. Hələ ki, ölkədə Konstitusiya (qanunları) yox, “özbaşınalıq qanunları” qüvvədədir. Elə ona görə də borclu İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nın, Nizami RİH -in,  Ədliyyə Nazirliyinin icra baş idarəsinin   13 il qabaq tələbkar  Qarabağ qazisinə məhkəmənin verdiyi otaqları mütəşəkkil cinayətkar dəstə şəklində  məhkəmə qərarından 2 il sonra ələ keçirib satmaları, əmlak dələduzluğu hələ də sürür. Baş prokurorluq hələ də yalnız Prezidentə və Konstitusiyaya tabe olduğunu unudur, korrupsiya məmurlarının diqtəsi ilə oturub – durur . Haçanacan özbaşınalıq Konstitusiyaya üstün gələcək? Dövlət məmurlarının xalqın, dövlətin, millətin malını – mülkünü işğal altında saxlamaları nə qədər sürəcək?

Məğrur BƏDƏLSOY