📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Rəqəmsal Üfüqlər” Milli Rəqəmsal Savadlılıq Təlim Proqramına start verildi

2026-10-12 14:17:32

“Rəqəmsal Üfüqlər” Milli Rəqəmsal Savadlılıq Təlim Proqramına start verildi

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi tərəfindən dövlət qulluqçuları və dövlət qurumlarının əməkdaşları üçün “Rəqəmsal Üfüqlər” Milli Rəqəmsal Savadlılıq Təlim Proqramına start verildi. 

Hurriyyet.net  xəbər verir ki, proqram dövlət sektorunda rəqəmsal bacarıqların vahid və beynəlxalq standartlar əsasında inkişaf etdirilməsi istiqamətində həyata keçirilən təşəbbüsdür.  

Proqram dövlət sektorunda rəqəmsal bacarıqların inkişafını dəstəkləmək, dövlət idarəçiliyində rəqəmsal transformasiyanı sürətləndirmək və müasir texnologiyaların tətbiqi üzrə insan kapitalını gücləndirmək məqsədi daşıyır.

Təşəbbüs çərçivəsində dövlət qulluqçuları və dövlət qurumlarının əməkdaşlarının rəqəmsal savadlılığının artırılması, eləcə də süni intellekt və kibertəhlükəsizlik sahələrində bilik və bacarıqlarının inkişaf etdirilməsi nəzərdə tutulur.

 Təlimlər rəqəmsal platforma üzərindən onlayn formatda, tam ödənişsiz əsasda keçirilir və rəhbər şəxslər, mütəxəssislər də daxil olmaqla, dövlət qurumlarının bütün əməkdaşlarına şamil olunur. Proqram Bakı şəhəri ilə yanaşı, regionlarda fəaliyyət göstərən dövlət qurumlarının əməkdaşlarını da əhatə edir.

Proqramın tədris məzmunu Avropa Rəqəmsal Səriştələr Çərçivəsi - EU DigComp 3.0 əsasında hazırlanıb. Bu çərçivə rəqəmsal bacarıqların hansı istiqamətlər üzrə inkişaf etdirilməli olduğunu müəyyən edən vahid beynəlxalq standartdır. Sözügedən standartın növbəti versiyasında daha geniş əhatə olunması nəzərdə tutulan süni intellekt və kibertəhlükəsizlik istiqamətləri artıq “Rəqəmsal Üfüqlər” Proqramının təlim məzmununa daxil edilib. Kurikulum beynəlxalq standartlara uyğun hazırlanıb, Azərbaycan dilinə lokallaşdırılıb, rəqəmsal təlim platforması və qiymətləndirmə sistemi isə tam istifadəyə hazır vəziyyətə gətirilib.

Proqram iştirakçıların fərdi bilik səviyyəsini nəzərə alan adaptiv öyrənmə modeli əsasında həyata keçirilir. Hər bir iştirakçı ilkin qiymətləndirmədən keçəcək və nəticələrə uyğun olaraq müvafiq tədris səviyyəsinə yönləndirilir.

Tədris proqramı təməl (Foundational) və orta (Intermediate) olmaqla iki səviyyəni əhatə edir. Təməl səviyyədə rəqəmsal alətlərdən təhlükəsiz və səmərəli istifadə, məlumat savadlılığı, rəqəmsal ünsiyyət və kibertəhlükəsizliyin fundamental prinsipləri, orta səviyyədə isə məlumat analitikası, bulud texnologiyaları, süni intellektdən məsuliyyətli və etik istifadə, qabaqcıl kibertəhlükəsizlik yanaşmaları və rəqəmsal dövlət xidmətləri üzrə bilik və bacarıqların inkişafı nəzərdə tutulur.

Təlimlər zamanı hər bir iştirakçıya proqramı tamamlamaq üçün bir ay vaxt verilir. Nəticələrə əsasən, 90 faiz və daha yüksək nəticə göstərənlər qızıl, 80 faiz və daha yüksək nəticə göstərənlər gümüş, 70 faiz və daha yüksək nəticə göstərənlər bürünc ştamplı sertifikat, 60–69 faiz nəticə göstərənlər isə iştirak sertifikatı əldə edəcəklər. 60 faizdən aşağı nəticə göstərən iştirakçılar təlimi təkrar keçərək qiymətləndirmədə yenidən iştirak edə biləcəklər. 

Proqramın icrasında müasir rəqəmsal idarəetmə və monitorinq mexanizmləri tətbiq olunacaq ki, bu da təlim prosesinin şəffaflığını, səmərəliliyini və nəticəyönümlü idarə olunmasını təmin edəcək.

Qeyd edək ki, “Rəqəmsal Üfüqlər” Proqramı Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsi üzrə 2026–2028-ci illər üçün Fəaliyyət Planının 8.1.12-ci yarımbəndinə uyğun olaraq dövlət orqanlarında (qurumlarında) vəzifəli şəxslərin rəqəmsal inkişaf sahəsində səriştələrinin, bilik və bacarıqlarının artırılması, həmçinin Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyasının (2025–2027) 2.4-cü bəndi ilə nəzərdə tutulan rəqəmsal bacarıqların inkişafı tədbirlərinin icrası çərçivəsində həyata keçirilir.