📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rəsmi Bakı işğal altında qalan 8 KƏNDİN QAYTARILMASI ÜÇÜN NƏ EDƏCƏK?

2024-01-11 11:34:29

Rəsmi Bakı işğal altında qalan 8 KƏNDİN QAYTARILMASI ÜÇÜN NƏ EDƏCƏK?

Asif Nərimanlı: "Ermənistan tərəfi dəhliz məsələsinin çətinliyinə istinad edərək, anklavların qaytarılması məsələsini arxa plana keçirmək istəyir"

"Ölkə başçısı İlham Əliyevin yerli telekanallara müsahibəsində Ermənistan işğalında qalan 8 kəndin (Qazaxın 7 kəndi və Kərki) taleyi ilə bağlı dedikləri iki məsələyə aydınlıq gətirdi. Birincisi, rəsmi Bakının bu kəndlərin qaytarılması ilə bağlı planı nədir? İkincisi, ayın sonunda məsələ Ermənistanla müzakirə ediləcək". Hurriyyet.az xəbər verir ki, bunu siyasi ekspert Asif Nərimanlı bildirib.

Siyasi ekspert qeyd edib ki, rəsmi Bakı işğal altında qalan 8 kəndin qaytarılması ilə bağlı "mərhələli həll" variantından çıxış edir: "Prezident İlham Əliyev bunu təsdiq etdi. Birinci mərhələ: anklav olmayan 4 kənd – Qazaxın Bağanis Ayrım, Qızıl Hacılı, Aşağı Əskipara və Xeyrimli kəndləri qaytarılır, İlham Əliyev bu 4 kəndin qeyd-şərtsiz qaytarılmalı olduğunu vurğuladı. İkinci mərhələ: anklav olan – Kərki və Qazaxın Sofulu, Yuxarı Əskipara və Bərxudarlı kəndləri müzakirə olunur. Çünki anklavların qaytarılması üçün bu kəndlərə dəhlizlər açılmalıdır ki, iki ölkə və xalqlar arasında etimad mühiti formalaşmadan buna nail olmaq çətindir. Digər tərəfdən, bu dəhlizlərin ən azı ilk dövründə təhlükəsizliyin necə təmin edilməsi üzərində razılıq olmalıdır".

Asif Nərimanlı əlavə edib ki, Ermənistan tərəfi dəhliz məsələsinin çətinliyinə istinad edərək, anklavların qaytarılması məsələsini arxa plana keçirmək istəyir: "Nikol Paşinyan "barter"dən – SSRİ dövründə Ermənistana verilmiş və anklav kimi qəbul edilən Başkəndlə Kərki və Qazaxın 3 anklav kəndinin dəyişdirilməsi variantına işarə edib. Hərçənd, İlham Əliyev anklavların qaytarılmasının vacibliyinə toxundu və bəyan etdi ki, bununla bağlı ekspert qrupu yaradılmalı, həll yolları tapılmalıdır. Burada əsas diqqətçəkən məqamlardan biri Prezidentin “Ermənistanın bir anklav kəndi Azərbaycan ərazisindədir” deməsidir. Söhbət Başkənddən gedir və bu, dövlət başçısı səviyyəsində ilk dəfə dilə gətirilir. Və İlham Əliyevin “erməni anklavı” ifadəsinin iki istiqamətdə manevr xarakterli olması istisna edilməməlidir. 1. Cari dövrdə anklav olmayan 4 kəndin qaytarılmasına nail olmaq; 2. Sərhədin delimitasiyasının 1920-ci illərin xəritələrinə əsasən aparılmasını gündəmə gətirməklə həmin dövrdə Ermənistana “bağışlanmış” Başkəndin “erməni anklavı” olması iddiasını aradan qaldırmaq; İlham Əliyevin XX əsrin əvvəllərinə aid xəritələrin əsas götürülməsi haqda dedikləri də bu konteksdə diqqət çəkir".

Bu ayın sonunda Azərbaycan və Ermənistanın dövlət sərhədinin delimitasiyası üzrə komissiyalarının görüşünün nəzərdə tutulduğunu vurğulayan siyasi ekspertin sözlərinə görə, İlham Əliyev bəyan etdi ki, görüşdə Qazax-Tovuz bölgəsinin delimitasiyası, anklav olmayan 4 kəndin qaytarılması müzakirə olunacaq.

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az