"Rəsmi Bakı Türkiyənin sülhməramlı qoşunlarını gətirməklə bölgədə balans yaratmalıdır" - SAMİR HÜMBƏTOV
"Çünki siyasi elitası erməni lobbisinin əsirinə çevrilən Fransa, həmçinin Rusiya Azərbaycana qarşı səmimi addım atmır"
"Bir müddət sonra Fransada keçrilməsi nəzərdə tutulan prezident seçkilərində iştirak edəcək namizədlərdən biri və həm də Parisin İl-de-Frans regionunun rəhbəri Valeri Pekress gizli şəkildə Azərbaycanın suveren ərazisi BMT tərəfindən tanınmış Xankəndi şəhərinə səfər edib. Onun bu gizli səfərini “France Televisions”ın siyasi şərhçisi Julyen Neni öz tvitter hesabında yazıb. Neni yazıb ki, Valeri Pekress bugünlərdə Dağlıq Qarabağı ziyarət edib. Orada yerli siyasətçilərlə görüşüb. Təhlükəsizlik səbəbindən bu səfər Ermənistanda olan Fransa KİV-ləri tərəfindən işıqlandırılmayıb". Hurriyyet.az xəbər verir ki, bu fikirlər siyasi ekspert Samir Hümbətova məxsusdur.
Baş verən bu hadisədə diqqət çəkən bir neçə məqamın olduğunu vurğulayan siyasi ekspert hesab edir ki, Azərbaycana qarşı olan bu addımlar tam şüurlu şəkildə atılıb: "Rus "sülhməramlıları" Azərbaycanın icazəsi olmadan niyə digər şəxsləri qanunsuz şəkildə Azərbaycan ərazisinə buraxır? Qarabağ məsələsinin belə həssas məqamında niyə maraqlı dövlətləri nümayəndələri beynəlxalq hüquqa zidd olaraq təxribatçı addımlar atır? Fransa münaqişənin həllini istəyirsə niyə onun mediası Qarabağı Dağlıq Qarabağ kimi adlandırır? Təbii ki, bu suallara cavab verəcək kimsə çətin ki, tapılsın. Ona görə ki, atılan addımlardan da görünür ki, Azərbaycana qarşı atılan addımlar tam şüurlu şəkildə atılıb. Fransa siyasətçiləri də seçkilərdə erməni lobbisinin dəstəyini almaq üçün hər cür qanunsuz əməlləri həyata keçirirlər. Digər tərəfdən isə həmin "siyasətçilər" Qarabağ ərazisində yerləşən nasist erməni hərbçilərinin məzarlarını ziyarət edirlər. Fransa atdığı bu addımlarla həm də onu göstərir ki, ondan tərəflər arasında sülhün əldə edilməsi istiqamətində vasitəçi olmaz. Ona görə ki, onun siyasi elitası erməni lobbisinin əsirinə çevrilib".
Bir neçə gün öncə Rusiya prezidenti Vladimir Putinin Qarabağda müvəqqəti fəaliyyət göstərən rus "sülhməramlıları"na təşəkkür etdiyini qeyd edən Samir Hümbətovun sözlərinə görə, dünən isə Rusiya müdafiə naziri Sergey Şoyqu açıqlama verərək bildirdi ki, "rus sülhməramlıları" Qarabağda təhlükəsizliyin təmin edilməsində əsas təminatçıdır: "Ondan sonra bu informasiyanın yayılması onu göstərir ki, deməli Fransa və Rusiya Azərbaycana qarşı səmimi addım atmırlar. Fikrimcə, baş verənlərlə bağlı Azərbaycan tərəfi həm Qarabağa qanunsuz şəkildə səfər etmiş şəxslərin Azərbaycana girişini qadağan etməli, həm də Qarabağda müvəqqəti olaraq yerləşdirilmiş rus "sülhməramlıları"nın komandanlığına qəti şəkildə etirazını bildirməlidir. Əgər bu hallar bir də təkrar olunarsa, o zaman Azərbaycan tərəfi Laçın dəhlizində post qurmalı, rus "sülhməramlıları"nın fəaliyyətinə yenidən baxmalı, digər təminatçı ölkə Türkiyənin sülhməramlı qoşunlarını gətirməklə bölgədə balans yaratmalıdır. Hesab edirəm ki, o zaman regionda baş verən qanunsuzluqların qarşısı müəyyən dərəcədə alına bilər".
Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.az