📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rəsmi Tiflisdən tranzit qovşağı olmaq yolunda yeni həmlə-Gürcüstan və Türkmənistan rəsmiləri görüşdü

2022-07-20 14:57:00

Rəsmi Tiflisdən tranzit qovşağı olmaq yolunda yeni həmlə-Gürcüstan və Türkmənistan rəsmiləri görüşdü

Gürcüstanın baş naziri İrakli Qaribaşvili ilə Türkmənistan prezidenti Sərdar Berdiməhəmmədovun görüşündə münasibətlərinin dərinləşməsi, birgə layihələr, Gürcüstan və Türkmənistanın tranzit potensialı əsas müzakirə mövzusu olub.
Gürcüstanın baş nazirinin mətbuat xidmətinin məlumatına görə, İrakli Qaribaşvili qeyd edib ki, Gürcüstan Türkmənistanla sıx siyasi və iqtisadi əlaqələri yüksək qiymətləndirir. Söhbətdə regional nəqliyyat layihələri və onların gələcək inkişafı məsələlərinə toxunulub. Bildirilib ki, bu strateji layihələrin həyata keçirilməsi Asiya ilə Avropa arasında Xəzər və Qara dənizlər vasitəsilə yükdaşımaların səmərəliliyini və təhlükəsizliyini artıracaq, bununla da ticarət-iqtisadi əlaqələrin genişlənməsinə və regionlararası əlaqələrin inkişafına təkan verəcək.
“Gürcüstan yeni avtomobil və dəmir yollarının tikintisinə böyük sərmayə qoyur, dəniz limanlarının imkanlarını genişləndirir və Gürcüstan ərazisindən Qara dənizə gedən dəhlizdən istifadə Türkmənistan üçün faydalı olacaq”, deyə baş nazirin mətbuat xidməti İrakli Qaribaşvilinin çıxışından sitat gətirib.
Mətbuat xidmətinin məlumatına görə, söhbətdə enerji sahəsində strateji tərəfdaşlıq məsələlərinə də toxunulub, tərəflərin mövcud əməkdaşlığı daha da dərinləşdirməyə hazır olduqları bildirilib.

Ülviyyə, Hurriyyet.az