📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Respondentlərin 80,9 faizinin Ermənistanla sülh tərəfdarı kimi çıxış etmələrinin iki səbəbi var" - SAHİB ALIYEV

2023-10-12 14:00:23

"Başımıza gətirilənləri və nə üçün o vəziyyətə düşdüyümüzü yenidən unudacağıqsa, aradan çox keçmədən onlardan da betəri ilə üzləşəcəyik"

"Sosial Tədqiqatlar Mərkəzinin keçirdiyi sorğuda rəyi öyrənilən azərbaycanlıların 80,9 faizinin Ermənistanla sülh tərəfdarı kimi çıxış etmələrinin iki səbəbi var. Hay vandalizmi və məkrinin hər üzünü görmüş bir xalqın təmsilçiləri əgər hələ yaraları sağalmamış belə mövqe sərgiləyirlərsə, demək, savaşı olduğu kimi sülhü də bizim udacağımıza əmindirlər. Və bu, Müzəffər Ali Baş Komandanımızın qarşısındakılardan (burada söhbət təkcə Ermənistan rəhbərliyindən getmir) qat-qat güclü diplomat olmasından, onlardan üstün siyasət yeridəcəyinə güvəndən, dəfələrlə bunu görmələrindən qaynaqlanır". Hurriyyet.az-ın məlumatına görə, bunu millət vəkili Sahib Alıyev bildirib.

Millər vəkilinin fikrincə, respondentlərin 80,9 faizinin Ermənistanla sülh tərəfdarı kimi çıxış etmələri Gürcüstana səfəri zamanı Ermənistana sülh çağırışı edən prezident İlham Əliyevə verilən dəstəkdir: "Və sonda bir haşiyə çıxaraq onu da diqqətinizə çatdırım ki, kinli olmamaq, bizə düşməncəsinə yanaşanlara sülh təklifi etmək heç də yaşatdıqlarını unutmaq demək deyil. Biz azərbaycanlılar başımıza gətirilənləri və nə üçün o vəziyyətə düşdüyümüzü yenidən unudacağıqsa, aradan çox keçmədən onlardan da betəri ilə üzləşəcəyik. Əsla buna yol vermək olmaz!"

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az