📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Revanşist meyillər rəsmi İrəvan üçün ziyanlıdır" - VÜQAR BAYRAMOV

2021-11-17 10:50:00

"Növbəti illərdə də Azərbaycanla Ermənistan arasında iqtisadi fərq və hərbi güc səviyyəsi daha da dərinləşəcək"

"Azərbaycan və Ermənistan sərhədində baş verənlər göstərir ki, dayanıqlı sülhün əldə edilməsi üçün kommunikasiyaların paralel bərpası və ölkələr arasında sülh anlaşmasının imzalanması vacibdir". Hurriyyet.az-ın məlumatına görə, bunu İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) sədri, millət vəkili Vüqar Bayramov deyib.

Millət vəkili hesab edir ki, İkinci Qarabağ Savaşında məğlub olmuş Ermənistanda baş qaldıran revanşist meyillər əslində rəsmi İrəvanın özü üçün ziyanlıdır: "Çünki Azərbaycan ordusu istənilən təxribata cavab vermək gücündədir və bunu bir daha təsdiq etdi. Azərbaycanda növbəti il üçün müdafiə və təhlükəsizlik xərcləri 4 milyard 489 milyon manat (2 milyard 640 milyon dollar) proqnozlaşdırılır. Azərbaycanın müdafiə və təhlükəsizlik xərcləri Ermənistanın illik büdcəsinin gəlirlərindən çoxdur. Bu isə o deməkdir ki, növbəti illərdə də iki ölkə arasında iqtisadi fərq və hərbi güc səviyyəsi daha da dərinləşəcək".

Son savaşdan sonra regionda yeni düzənin formalaşdığını vurğulayan Vüqar Bayramovun sözlərinə görə, baş verənlər göstərir ki, yeni reallıqlardan narahat olanlar var: "Amma bu cəhdlər yeni düzəni pozmaq gücündə deyil və olmayacaq da".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az