📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rezainin o hərəkəti... – İran rəsmisinin ədəbsizliyi Bakıda HİDDƏT doğurdu

2026-10-02 17:16:52

Rezainin o hərəkəti... – İran rəsmisinin ədəbsizliyi Bakıda HİDDƏT doğurdu

İran rəsmisinin Azərbaycan rəsmisi ilə görüşü zamanı nümayiş etdirdiyi əl sıxma jesti sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Belə ki, İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezainin Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevlə görüşündəki davranışı diplomatik protokol və siyasi jestlər baxımından diqqət çəkib. Görüntülərdə əl sıxma tərzi və iranlı rəsmisinin görüş zamanı qarşı tərəfə münasibəti müxtəlif yozumlara yol açıb.

Bəs bu jest diplomatik etiket baxımından necə qiymətləndirilə bilər? Görüntüdəki davranış siyasi mesaj kimi qəbul edilə bilərmi, yoxsa bunu sadəcə fərdi davranış kimi dəyərləndirmək lazımdır?

Qabil Hüseynli səhhətindən danışdı: “Yoldaşım müalicə edir” | Modern.az

Mövzu ilə bağlı professor, politoloq Qabil Hüseynli Musavat.com-a danışıb: "Bu görüş diplomatik nöqteyi-nəzərdən çox ədəbsiz alındı. Çünki diplomatik qaydalar var. Dövlət rəsmiləri görüşərkən əlini normal şəkildə, qarşı tərəfə hörmət nümayiş etdirərək salamlaşmalıdır. Şahin Mustafayev hər zaman diplomatik qaydalara ciddi riayət edən və bu qaydaların həyata keçirilməsinə önəm verən, ağır təbiətli bir insandır. Belə dikbaşlıq yalnız İran tərəfindən görünüb, görünməkdədir. Onların davranışlarında, hərəkətlərində bu cür yekəxanalıq, yaxud da insanlara yuxarıdan aşağı baxmaq kimi halları az görməmişik. Şəxsən mən bunun bir neçə dəfə şahidi olmuşam.

Mənə görə, bu cür görüşü ədəbsizlik kimi də dəyərləndirmək olar. Bu, son nəticədə sözün əsl mənasında saymazlıq kimi qiymətləndirilə bilər. Nə mesaj vermək istəyirlərsə versinlər, bu cür hərəkətlərin nəticəsi sonda özləri üçün problem yarada bilər. Bunu İranın Azərbaycana münasibətinin göstəricisi kimi də qəbul etmək olar.

Burada yuxarıdan aşağı baxmaq, saymazlıq və diplomatik qaydalara sığmayan davranış elementləri görünür. Hesab edirəm ki, Şahin Mustafayev belə bir anda ya əlini geri çəkməli idi, ya da Donald Trampın görüşlər zamanı insanların əlini sağ əlinin ovucunun içinə sıxaraq özünə tərəf çəkməsi kimi bir hərəkət edə bilərdi".

"Bu cür detallar iki ölkənin münasibətlərinə təsir göstərə bilərmi" sualına isə professor bu cür cavab verib: "Xeyr, düşünmürəm. Bunun ölkələrarası münasibətlərə ciddi şəkildə təsir göstərəcəyinə inanmıram. Bu, sadəcə olaraq SEPAH-a xas xəstə təmayüllü, millətçi ünsürlərin həm həyat tərzinin, həm də davranışlarının ifadəsidir. Mən bunu konkret bir şəxsin özünəməxsus dünyagörüşü və tərbiyəsinin ortaya qoyduğu davranış kimi başa düşürəm”.