📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rövnəq Abdullayevin vəzifəsi yüksəkdildi, yoxsa "vuruldu"?

2022-02-10 17:43:00

Rövnəq Abdullayevin vəzifəsi yüksəkdildi, yoxsa

Ötən il üçün SOCAR-ın Müşahidə Şurası yaradıldıqda bəlli idi ki, bu, səlahiyyətlərinin əhəmiyyətli bir hissəsi əlindən alınan Rövnəq Abdullayevin sonunu gətirəcək

Xəbər verdiyimiz kimi, ölkə başçısı İlham Əliyevin imzaladığı sərəncamla Rövnəq Abdullayev Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti vəzifəsindən, Rövşən Nəcəf Azərbaycan Respublikası iqtisadiyyat nazirinin birinci müavini vəzifəsindən, Elnur Əliyev isə iqtisadiyyat nazirinin müavini vəzifəsindən azad edilib.

Onu da qeyd edək ki, digər sərəncamlarla Elnur Əliyev iqtisadiyyat nazirinin birinci müavini, Rövnəq Abdullayev iqtisadiyyat nazirinin müavini, Rövşən Nəcəf isə SOCAR-ın birinci vitse-prezidenti təyin edilib və Dövlət Neft Şirkətinin prezidenti təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası ona həvalə edilib.

Beləliklə, ilk baxışdan elə görünür ki, iqtisadiyyat nazirinin müavini postuna gətirilən Rövnəq Abdullayevin vəzifəsi yüksəkdilib. Lakin bu, heç də belə deyil. Çünki SOCAR kimi mühüm və yetərincə gəlirli, milyardların dövr etdiyi bir qurumun başında duran Rövnəq Abdullayevin nazir müavini vəzifəsinə təyinatı yüksəlmə yox, məhz "vurulmadır". Əslində, prosesin bu cür cərəyan edəcəyi öncədən, daha dəqiq desək, keçən ildən bəlli idi. Xatırlayırsınızsa, ötən il yanvarın 23-də ölkə başçısı "Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin idarə edilməsinin təkmilləşdirilməsinə dair tədbirlər haqqında" fərman imzalamışdı və həmin fərmana əsasən, Dövlət Neft Şirkətinin fəaliyyətinə ümumi rəhbərliyi, nəzarəti həyata keçirmək üçün SOCAR-ın Müşahidə Şurası yaradılmışdı. Şuraya sədrlik isə iqtisadiyyat naziri Mikayıl Cabbarova həvalə olunmuşdu. Yəni, məhz o vaxtdan bəlli idi ki, SOCAR-la bağlı yeni dəyişiklik, səlahiyyətlərinin əhəmiyyətli bir hissəsi əlindən alınan Rövnəq Abdullayevin tezliklə sonunu gətirəcək. Budur, ölkə başçısının bugünkü sərəncamı deyilənləri bir daha təsdiqlədi. Odur ki, bütün bunlar Rövnəq Abdullayevin "vurulduğunu" deməyə əsas verir.

Valeh,

Hurriyyet.az