📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Royad Məmmədov" gəmisi BELƏ VURULUB

2026-10-07 19:44:39

Telegram kanallarında Qara dənizdə "Röyad Məmmədov" (Royad Mammadov) mülki yük gəmisinə endirilən PUA zərbəsinin görüntüləri yayılıb.

Hurriyyet.net  xəbər verir ki, oktyabrın 5-də Qara dənizdə, Rumıniya sahilləri yaxınlığında Türkiyəyə məxsus xarici yük gəmisi dron hücumuna məruz qalıb.

Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, qanlı insident nəticəsində gəminin kapitanı, Azərbaycan vətəndaşı - 1974-cü il təvəllüdlü Həsənov Rüstəm İsmayıl oğlu həlak olub.

Azərbaycanın daha bir vətəndaşı, 2002-ci il təvəllüdlü Süleymanzadə Məhəmməd Həmzə oğlu isə itkin düşmüş hesab olunur.

Hadisə ilə bağlı açıqlama verən Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, neytral sularda qarğıdalı daşıyan mülki gəmiyə Rusiya ordusu tərəfindən iki PUA zərbəsi endirilib.

"Neytral sularda qarğıdalı daşıyan və Türkiyəyə məxsus mülki gəmiyə Rusiya dronları tərəfindən iki dəhşətli zərbə endirildi. Göyərtədə Azərbaycan və Hindistan vətəndaşları var idi. Hazırda, təəssüf ki, gəminin kapitanının həlak olduğu məlumdur. Başsağlığı verirəm. İtkin düşən daha bir nəfərin taleyi dəqiqləşdirilir. Ekipajın 11 üzvünü xilas etmək mümkün olub, onların bir nəfəri yaralanıb.

Ukrayna dəfələrlə Qara dənizdə gərginliyin azaldılması və təhlükəsizliyin təmin edilməsi üçün konkret addımlar təklif edib. Müvafiq təkliflər üçüncü ölkələrdən də daxil olub. Lakin Rusiya normal gəmiçilik əvəzinə ardıcıl olaraq terroru və mülki gəmilərin batırılmasını seçir. Qlobal ərzaq təhlükəsizliyini bərpa etmək üçün təzyiq göstərilməlidir. Bunda həqiqətən maraqlı olan hər kəs yardım etməlidir", - deyə Ukrayna lideri öz Telegram kanalında vurğulayıb.