“Röyters” Əfqanıstanın yeni hökumət başçısının kim ola biləcəyini açıqladı
Hurriyyet.az xəbər verir ki, Əfqanıstanın yeni hökumətinə Molla Əbdül Qəni Bəradər başçılıq edə bilər. Bu barədə informasiyanı “Taliban”dakı mənbələrinə istinad edən “Röyters” agentliyi yayıb.
Artıq hökumətdəki rəhbər vəzifələrə yeni namizədlərin adları bəlli olub: “Taliban”ın əsasını qoymuş mərhum Molla Ömərin oğlu Molla Məhəmməd Yaqub və Məhəmməd Abbas. Bundan əvvəlki xəbərlərdə Əfqanıstan hökumətinə taliblərin lideri Heybətullah Axundzadənin başçılıq edəcəyi deyilirdi.
Bundan başqa, Bəradərin Əfqanıstan DİN-in başçısı postuna namizəd olduğu xəbəri də yayılmışdı. Əfqanıstanın gələcək hökumətinin tərkibi barəsində məşvərət başa çatmaqdadır. Yaxın zamanda taliblər yeni Nazirlər Kabinetinin formalaşdırılmasını bəyan edəcəklər.
“Taliban”dakı mənbələrin verdiyi xəbərə görə, Müdafiə Nazirliyinin rəhbəri postuna Amerikanın Quantanamo zindanında dustaq olmuş Əbdül Qəyyum Zakir təyin ediləcək. O, taliblərin əsas səhra komandirlərindən biridir, onların hərbi missiyalarına, o cümlədən ABŞ hərbçilərinə qarşı əməliyyatlara rəhbərlik edib.
Sentyabrın 1-də taliblər yalnız hərəkat üzvlərinin hökumətin tərkibinə daxil ediləcəyini açıqlamışdılar. Keçmiş müdiriyyətin üzvlərinə Əfqanıstan idarəçiliyində mühüm vəzifə tapşırılmayacaq.