📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rubio Ukrayna ilə bağlı görüşə qatılmadı – Avropa liderləri məyus oldu

2026-02-14 11:30:45

Rubio Ukrayna ilə bağlı görüşə qatılmadı – Avropa liderləri məyus oldu

ABŞ dövlət katibi Marko Rubio Avropa liderləri ilə Ukraynadakı müharibəyə həsr olunmuş görüşdə iştirak etməyib.

“AzPolitika” xəbər verir ki, bu barədə “Financial Times” nəşri mənbələrə istinadla məlumat yayıb. Bildirilib ki, görüş cümə günü Münhen şəhərində keçirilən beynəlxalq təhlükəsizlik konfransı çərçivəsində baş tutub. Mənbələrin sözlərinə görə, Rubio “son anda” proqramların uyğun gəlməməsi səbəbindən tədbirdə iştirakdan imtina edib.

Nəşrin həmsöhbətlərindən biri olan avropalı rəsmi şəxsin sözlərinə görə, bu qərar “dəlilik” addım kimi qiymətləndirilib. Digər Avropa rəsmisi isə qeyd edib ki, ABŞ nümayəndəsinin iştirakı olmadan görüş kifayət qədər məzmunlu olmayıb.

Bununla belə, adının açıqlanmasını istəməyən ABŞ nümayəndəsi bildirib ki, Rubio Rusiya və Ukrayna ilə bağlı məsələləri Münhen konfransı çərçivəsində keçiriləcək çoxsaylı digər görüşlərdə müzakirə edəcək.

Məlumata görə, Ukraynadakı müharibə məsələsi ABŞ dövlət katibi ilə Almaniya kansleri Fridrix Merts arasında keçirilən görüşdə müzakirə edilib. Tərəflər Rusiya ilə aparılan danışıqların gedişini və Kiyevə dəstəyin davam etdirilməsini nəzərdən keçiriblər.

Rubionun şənbə günü səhər Münhen konfransında çıxış edəcəyi gözlənilir. Bundan əlavə, onun Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşü planlaşdırılır. Lakin ABŞ dövlət katibi görüşün baş tutacağına “100 faiz əmin olmadığını” bildirib.

Qeyd edək ki, Münhendə keçirilən təhlükəsizlik konfransı Ukrayna müharibəsi fonunda Qərb-Rusiya münasibətlərinin gələcəyi baxımından mühüm platforma hesab olunur.