"Rus bölməsinin şagirdi Sabirin "dəngəsər" sözünü başa düşmür"
“Rus bölməsi üçün Azərbaycan tarixi dərsliyində problem aşkarlanıb”.
Hurriyyet.net xəbər verir ki, bu barədə fizika fənni üzrə dərslik müəllifi Rasim Abdurazaqov Elm və Təhsil Nazirliyinin dəstəyi, “Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən “Elm və təhsil sahəsi üzrə media savadlılığının artırılmasına dəstək” layihəsi çərçivəsində təşkil olunan “Dərsliklərin məzmunu” mövzusunda təlim-müzakirə sessiyasında çıxışı zamanı deyib.
O bildirib ki, Azərbaycan tarixi dərsliyi Təhsil İnstitutunun kuratorluğu ilə hazırlanmayıb, özəl nəşriyyat tərəfindən nəşr olunub. Bununla belə, rus bölməsində Azərbaycan dilində tədris olunan fənn üzrə dərsliyin pilot tətbiqi və monitorinqi Təhsil İnstitutuna həvalə edilib.
Rasim Abdurazaqovun sözlərinə görə, monitorinq çərçivəsində Mingəçevir, Gəncə və Ağdaş şəhərlərində dərslərdə iştirak edilib. Müşahidələr zamanı rus bölməsində təhsil alan bəzi şagirdlərin Azərbaycan dilindəki ayrı-ayrı termin və ifadələri anlamaqda çətinlik çəkdiyi müəyyənləşib.
O, Gəncədə keçirilən dərslərdən birində baş verən maraqlı hadisəni də diqqətə çatdırıb. Belə ki, şagird Mirzə Ələkbər Sabirin şeirində işlənən “dəngəsər” sözünün mənasını müəllimdən soruşub.
Monitorinq qrupunun üzvləri bu kimi çətin anlaşılan sözlərin izahının dərsliyin lüğət bölməsində verilməsini tövsiyə ediblər.
Qeyd edək ki, dərsliklərin pilot tətbiqi və monitorinqinin əsas məqsədlərindən biri tədris prosesində yaranan çətinlikləri müəyyənləşdirmək, məzmunun şagirdlərin bilik səviyyəsinə və dil imkanlarına uyğunluğunu qiymətləndirməkdir.