"Rus mediası Azərbaycana böhtan atanda bunlar yada düşmürdü?!" - Ekspertlərdən reaksiya
Rusiya Federasiyası ərazisində bəzi Azərbaycan KİV-lərinin ("Oxu.az” xəbər portalı, "Haqqin.az" və "Minval.az" saytları) yayımına məhdudiyyətlər tətbiq edilməsi həm vətəndaşlarımızı, həm də Rusiyada yaşayan soydaşlarımızı narahat edib.
Məsələ ilə bağlı Bakupost.az-a Əməkdar jurnalist, media mütəxəssisi Vüqar Zifəroğlu açıqlama verib.
O, Rusiyanın müvafiq rəsmi strukturlarına sorğu ilə müraciət olunmasının vacibliyini bildirib:

“Müəyyən auditoriyanı xəbərsiz saxlamaq, baş verən proseslərlə bağlı doğru, obyektiv təsəvvürün formalaşmasının qarşısını almaq üçün adətən bu kimi addımlar atılır. Bu mənada, təəssüf ki, Rusiyada saytlarımızın bloklanmasının şahidi olmaqdayıq. Hazırda cərəyan edən proseslərə münasibətdə, mən deyərdim ki, Azərbaycan mediası digər ölkələrin mediaları ilə müqayisədə daha obyektiv münasibət sərgiləməkdədir. Bu mənada saytlarımızın bloklanmasının səbəblərini anlamaqda çətinlik çəkirəm. Rusiya auditoriyası nə zaman bizim xəbər kanallarından onların informasiya məkanına təhdid yarada biləcək dezinformasiya axınının şahidi oldular ki, belə bir addım atmaq məcburiyyətində qaldılar? Bu sual açıq qalır. Hər halda yaxşı olardı ki, məsələyə aydınlıq gətirilməsi üçün rəsmi qaydada Rusiyanın müvafiq rəsmi strukturlarına sorğu ilə müraciət edilsin”.
V. Zifəroğlu qeyd edib ki, saytlarımızın bloklanması Rusiyada yaşayan azərbaycanlıları obyektiv məlumat almaqdan məhrum edir:
“Bu bloklama Rusiyada yaşayan, oranın vətəndaşı olan azərbaycanlıların obyektiv və dəqiq informasiyanı ilk qaynaq kimi bizim saytlarımızdan almasının qarşısını alır ki, bu, yaxşı hal deyil. Unutmaq olmaz ki, qürbətdə yaşayan soydaşlarımız ölkəmizlə bağlı yenilikləri, xəbərləri məhz ilk növbədə internet xəbər portallarından əldə edirlər. Belə addımların atılması isə onları öz qaynaqlarımızdan informasiya almaq hüququndan məhrum edir. Nəzərə alınmalıdır ki, informasiya müharibəsi həm də ermənilər tərəfindən bizə qarşı aparılır. Qaynaqsız qalan soydaşlarımızın erməni dezinformasiyalarının basqısına məruz qalması fonunda bizim xəbər qaynaqlarından obyektiv və dəqiq məlumatlar almasının önəmi xüsusi vurğulanmalıdır. Elə son üç gündə Qarabağda baş verən proseslər buna əyani sübutdur”.

Media mütəxəssisi bildirib ki, bununla bağlı beynəlxalq jurnalist təşkilatları mövqe sərgiləməlidirlər:
“Çünki təkcə Azərbaycan saytlarının yox, həm də bir sıra başqa ölkələrin saytlarının, eyni zamanda nüfuzlu media quruluşlarının da Rusiyada bloklanmasının şahidi olmaqdayıq. Azərbaycan 44 günlük Vətən müharibəsi dövründə düşmən tərəfin bizə qarşı tətbiq etdiyi informasiya müharibəsi modellərini sıradan çıxarmış olan uğurlu düşünülmüş, hərtərəfli və sistemli bir strategiya ortaya qoydu. Bu isə düşmənin informasiya cəbhəsində də ciddi məğlubiyyətə uğramasına səbəb oldu. Saytları bloklamakdansa, bizim bu təcrübəmizi öyrənib tətbiq etmək, məncə, daha doğru olardı”.
Media eksperti Aynur Nəsirova isə bildirib ki, Azərbaycan Rusiya-Ukrayna müharibəsində tərəf deyil:

“Ona görə də Rusiyada Azərbaycanın informasiya vasitələrinin məhdudlaşdırılması plüralizimi pozan, qeyri-demokratik addımdır. Azərbaycan Rusiya və Qərbin qarşılıqlı şəkildə ictimai rəyə, insanların şüuruna təsir göstərməyə çalışdığı informasiya müharibəsindən belə kənardadır. Rəsmi Moskva isə fikir azadlığını informasiya müharibəsi ilə səhv salaraq Azərbaycan saytlarını bloklayır. Halbuki Azərbaycan 44 günlük Vətən müharibəsi dövründə açıq-aşkar bir tərəfli və qərəzli mövqe nümayiş etdirən Rusiya mediasına qarşı belə bir addım atmadı. Erməni təbliğatı üçün əsl tribunaya çevrilən “Rossiya 24”, “Rossiya 1”, “Dojd”, “Russia Today”, “Sputnik” Azərbaycan ərazisində adi qaydada yayımlandı”.
A. Nəsirova qeyd edib ki, Rusiyanın Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi İnformasiya Vasitələrinə Nəzarət Federal Xidmətinin bu qərarı, əslində, rəsmi Moskvanın ermənipərəst siyasətinin davamıdır:
“Rus mediası Azərbaycanın cəbhə bölgəsi olmayan Ermənistan ərazilərini bombalaması, mülki erməni əhaliyə zərər yetirilməsi, muzdlularının müharibədə Azərbaycan tərəfdə iştirakı barədə əsassız və qərəzli xəbərlər tirajlayanda informasiya təhlükəsizliyi yada düşmürdü?! Belə çıxır ki, Rəsmi Moskva Azərbaycan saytlarını da öz informasiya bazarına bənzədib”.
Fəridə
Baku Post