Rus ordusu bu istiqamətdə irəliləyib - Şəhəri mühasirəyə almağa çalışırlar
Rusiya qoşunları Ukraynanın Donetsk vilayətindəki Uqledar və Novoqrodovka istiqamətində bir qədər irəliləyib.
“AzPolitika” xəbər verir ki, bu barədə cəbhədəki vəziyyətə nəzarət edən “DeepState” monitorinq layihəsi məlumat yayıb.
Rusların Novoqrodovka yaxınlığındakı Krasnoqorovkaya qədər irəlilədiyi bildirilir. Bundan əlavə, müşahidəçilər işğalçı qüvvələrin Novoqrodovkadan Lısovkaya doğru aktiv hücum əməliyyatları apardıqlarını bildiriblər.
Uqledarda ruslar şimal-şərqdən şəhərə yaxınlaşaraq bir müddət əvvəl ələ keçirilən Vodyanoyenin cənubuna doğru irəliləyiblər. Rusiya kanalları Vodyanoye və Uqledar arasındakı "Yujnodonbasskaya-1" mədəninin ələ keçirildiyini yazır və bayraqlarının onun əsas binasının üzərindən asıldığını göstərirlər.
Qeyd edək ki, az qala müharibə başlayan ilk günlərdən Rusiya Uqledarı işğal etməyə çalışsa da, buna nail ola bilıməyib və birbaşa hücumlar zamanı orada böyük itkilər verib. İndi isə belə görünür ki, Rusiya komandanlığı bu şəhəri yan keçərək, onu mühasirəyə almağa çalışır.