"Rus sülhməramlılarının fəaliyyətinin uzadılmasına ehtiyac yoxdur" - POLİTOLOQ
"Nikol Paşinyan da Rusiya sülhməramlı qüvvələrinin regiondan çıxarılmasında maraqlıdır"
"Putinin "Valday" klubunda sülhməramlı qüvvələrlə və Qarabağla bağlı dedikləri Kremlin baş verənləri ağrı ilə qarşıladığını göstərir"
"Azərbaycan anti-terror əməliyyatından sonra öz konstitusiya quruluşunu bərpa etdi, Qarabağdakı ermənilər könüllü şəkildə ərazini tərk etdi. Bununla da 10 noyabr Birgə Bəyannaməsi qüvvədən düşmüş sayılır. Artıq Rusiya sülhməramlı qüvvələri Azərbaycan ərazisini tərk etməlidir". Hurriyyet.az xəbər verir ki, bunu Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə qeyd edib.

Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri hesab edir ki, rus sülhməramlılarının fəaliyyətinin uzadılmasına ehtiyac yoxdur: "Rusiya Müdafiə Nazirliyinin rəsmisi Ermənistana səfər edərək, sülhməramlı qüvvələrin çıxarılması üçün danışıqlar aparır. Halbuki, Ermənistan Azərbaycanın daxili işinə qarışa bilməz. Nikol Paşinyan ötən gün Qranadada Azərbaycanın ərazi bütövlüyünü növbəti dəfə tanıdı. Amma Rusiya yenidən bulanıq suda balıq tutmağa çalışır. Ötən gün Rusiya prezidenti Vladimir Putinin "Valday" klubunda sülhməramlı qüvvələrlə və Qarabağla bağlı dedikləri Kremlin baş verənləri ağrı ilə qarşıladığını göstərir".
Rusiyanın regiondan getmək istəmədiyini deyən Məhəmməd Əsədullazadənin sözlərinə görə, Kreml daim Qarabağın Ermənistanın tərkib hissəsi olması üçün çalışıb: "Lakin proseslər tam fərqli istiqamətlərdə inkişaf edir. Azərbaycan şərtləri diktə edir. Rusiya sülhməramlı qüvvələri də vaxtından əvvəl regionu tərk edəcəklər. Azərbaycan onları qəbul etmək istəmir. Ermənistanın baş naziri Nikol Paşinyan da Rusiya sülhməramlı qüvvələrinin regiondan çıxarılmasında maraqlıdır".
Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.az