Rusiya 102-ci bazanı Ermənistandan çıxara bilər - bir halda...
Ermənistanda qoşun saxlamaq Rusiyaya xüsusi maraqlı deyil, onsuz da bu ölkəyə nəzarət etmək iqtidarındadır; Qabil Hüseynli: “Yalnız Qərbin tam dəstəyini aldıqdan sonra...”
Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov hesab edir ki, Rusiya Ermənistandan öz hərbi infrastrukturunu yığışdıracaq. Sabiq nazir MusavatTV-nin “Dərin təhlil” proqramına qonaq olanda da iddia etmişdi ki, Ermənistanda qoşun saxlamaq Rusiyaya xüsusi maraqlı deyil, onsuz da bu ölkəyə nəzarət etmək iqtidarındadır.
Sitat: “Ermənistan bu il Rusiyadan uzaqlaşaraq qərbyönümlü siyasət həyata keçirəcək. Əlbəttə, müxtəlif hadisələr ola bilər, əks istiqamətə yönəlmiş olayları da istisna etmirəm. Amma ümumi tendensiya Rusiyadan uzaqlaşma olacaq. Bu uzaqlaşmanın nəticəsində mümkündür ki, Rusiya Ermənistandan öz hərbi infrastrukturunu yığışdıracaq. Mən o mövqedəyəm ki, prosesin sonunda bu, mütləq baş verəcək. Çünki hərbi baxımdan Rusiya üçün orada hansısa hərbi infrastrukturun saxlanması məntiqsizdir”.
Məlumat üçün deyək ki, bu baza Rusiya Müdafiə Nazirliyinin direktivi ilə 1 sentyabr 1994-cü il tarixində keçmiş SSRİ Silahlı Qüvvələrinin 7-ci ordusunun 127-ci motoatıcı diviziyasının bazasında yaradılıb. Hazırda şəxsi heyətinin 4000 nəfər olduğu bildirilən hərbi bazanın döyüş heyəti İrəvan və Gümrü qarnizonundan ibarətdir. İrəvan qarnizonuna İdarəetmə Qrupu, 123-cü motoatıcı alay, 3624-cü aviasiya bazası, hospital, mənzil-təchizat hissəsi, qarnizon məhkəməsi və rabitə mərkəzi daxildir. Gümrü qarnizonuna isə 128-ci motoatıcı alay, 124-cü motoatıcı alay, 988-ci zenit raket alayı (S-300 ZRK) və 992-ci artilleriya alayı tabedir. Bazanın nəzdində əlahiddə tank, kəşfiyyat, təmir, mühəndis-istehkam, radiasiya-kimyəvi və bakteroloji mühafizə taborları, tank əleyhinə divizion, radioelektron, tibb, komendant bölükləri, prokurorluq, televiziya mərkəzi və s. fəaliyyət göstərir.
Eyni zamanda 2005-2007-ci illərdə Gürcüstandakı Axalkələk və Batumi hərbi bazalarından çıxarılan silah, texnika, sursat və hərbi avadanlıqların böyük hissəsi bu bazada saxlanılır. Hərbi bazanın 3 təlim mərkəzi (poliqonu) var ki, bunlardan birincisi İrəvanın 25-30 km-də yerləşən “Nubaraşen”, ikincisi Gümrünün 15-17 km məsafədə yerləşən “Kamxud”, üçüncüsü isə “Alagöz” poliqonudur. Bu nəhəng bazanın Ermənistandan çıxarılması nə dərəcədə ağlabatan görünür? Paşinyan hakimiyyətinin Qərbə inteqrasiya siyasətinə baxmayaraq, Ermənistan Rusiyanın hərbi müttəfiqidir. Moskva bu ölkədən bazasını çıxararmı?

Qabil Hüseynlin
Professor Qabil Hüseynlinin “Yeni Müsavat”a bildirdiyinə görə, bunun tezliklə reallaşacağını söyləmək çətindir. Onun fikrincə, 102-ci hərbi baza və Erebunidə olan aviabaza ilə yanaşı, həmçinin Zəngəzurda hərbi hissənin açılması göstərir ki, Rusiya hərbi iştirakını artırır. Q.Hüseynlinin sözlərinə görə, 102-ci baza həm də NATO-ya qarşı yaradılmış briqadadır: “Rusiya-NATO münasibətlərinin gərginləşdiyi dövrdə şimal qonşumuzun bazasını yığışdıracağını söyləmək mümkün deyil. Bəli, Paşinyan Qərbə yönəlik siyasət yürütməyə cəhd edir. Əgər Türkiyə ilə sərhədlər açılsa, Azərbaycanla sülh müqaviləsi bağlansa, Qərbə inteqrasiya da sürətlənə bilər. Yalnız Qərbin tam dəstəyini aldıqdan sonra Rusiyanın Ermənistandakı bazalarının çıxarılması əmrinin verilməsi mümkündür. Bu da Paşinyan hakimiyyətdə olduğu dövrdə baş verə bilər, amma qisasçı qüvvələrin, ruspərəstlərin müqavimətinin sındırılması tam yekunlaşmayıb. Ona görə hələ ki özünün arxa bağçası hesab etdiyi Cənubi Qafqazdan Rusiyanın çıxmaq fikri yoxdur. Sadəcə, bu bölgədəki ölkələr və Qərb lazımi dəstək verərsə, deyilən məsələ reallaşa bilər. İndi isə Rusiya NATO üçün qırmızı xətlər cızır və gərginlik var, belə şəraitdə bu addımı atmaz”. Q.Hüseynli hesab edir ki, Paşinyan hər nə qədər qərbpərəst olduğunu göstərməyə çalışsa da, çətinə düşəndə KTMT-yə müraciət edir, Rusiyadan hərbi dəstək istəyir: “O baxımdan 102-ci baza erməniləri qoruyan gücdür və onun çıxarılması Ermənistan üçün aktual deyil. Rusiya regionda hərbi varlığını daha da gücləndirməyə çalışır. Biz bunu Qarabağda rus sülhməramlıların fəaliyyətində, Rusiyanın hava-desant qüvvələri Qazaxıstana göndərməsində də müşahidə edirik. Eynilə Abxaziya və Cənubi Osetiya, Dnestryanı ərazilərdə, Donbasda rusun hərbi mövcudluğu hökm sürür”.
Xatırladaq ki, Gümrüdəki 102 saylı Rusiya hərbi bazasının hərbçisi Valeri Permyakov 2015-ci il yanvarın 12-də Gümrüdə bir erməni ailəsinin 7 üzvünü qətlə yetirmişdi. 2018-ci il dekabrın 2-də bazanın 23 yaşlı hərbçisi 57 yaşlı süpürgəçi Cülyetta Qukasyana işgəncə verərək qətlə yetirməkdə şübhəli bilinir. Bu hadisə ilə bağlı istintaqı Rusiya Hərbi Prokurorluğunun müstəntiqləri aparır. C.Qukasyanın hüquqi varisi Rusiya hərbçisinin Ermənistanın hüquq-mühafizə orqanlarına təhvil verilməsini tələb etmişdi. Aksiya iştirakçıları qatilin bazada gizləndiyini deyirdilər və oradan çıxarılmasını tələb edirdilər. Ancaq onların tələbinə heç kim məhəl qoymadı. Hətta onda hərbçinin saxlanıldığı yerlə bağlı Ermənistanın Baş Prokurorluğu, habelə ədliyyə naziri səlahiyyətlərini icra edən Artak Zeynalyan, Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanesyan da susmuşdu.
“Yeni Müsavat”