Rusiya, ABŞ, Çin yeni nüvə poliqonları hazırlayırlar
Peyk görüntüləri Rusiya, Çin və ABŞ-dakı nüvə poliqonlarında aktivliyin artdığını göstərir. Belə ki, Rusiya, ABŞ və Çin son illərdə öz nüvə sınaq meydançalarında yeni obyektlər tikib və yeni tunellər qazıblar.
Mümkündür ki, Rusiya, Çin və ABŞ nüvə sınaqlarını bərpa etsin, 1996-cı il Müqavilə ilə yeraltı nüvə sınaqları qadağan edildikdən sonra bu ölkələrin heç biri bunu etməmişdir.
Çin və ABŞ müqaviləni imzaladılar, lakin onu ratifikasiya etmədilər.
Moskva müqaviləni ratifikasiya edib, lakin prezident Vladimir Putin fevral ayında ABŞ-ın birinci addım atacağı təqdirdə sınaq əmri verəcəyini bildirib və əlavə edib ki, “heç kəs qlobal strateji paritetin məhv ediləcəyi ilə bağlı təhlükəli illüziyalara malik olmamalıdır”.
Peyk görüntüləri göstərib ki, 2021-ci ildən 2023-cü ilə qədər "Novaya Zemlya" poliqonunda genişmiqyaslı tikinti aparılıb: limana gəmilər və yeni yük konteynerləri gəlib, qışda yollar təmizlənib, Arktika dağlarında dərin tunellər qazılıb.
Çinin qərbində az məskunlaşan iki səhra arasında quru duz gölü olan Lop Nordakı nüvə sınaq poliqonunda da aktivliyin artması aşkar edilib.
Nevada nüvə poliqonu üzərindən çəkilmiş peyk şəkilləri yeraltı qurğunun, U1a kompleksinin 2018-2023-cü illər arasında əhəmiyyətli dərəcədə genişləndirildiyini göstərir.
Ülviyyə, Hurriyyet.az