📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Rusiya Avrasiyanın siyasi ab-havasını müəyyən edən "ana dövlət" statusunu itirəcək" - XAQANİ CƏFƏRLİ

2023-05-17 11:41:00

"İran və Rusiyadakı türk toplumlarının istiqlaliyyət əldə etməsi Azərbaycanı Avrasiyanın mərkəzində güclü dövlətə çevirəcək"

"Rusiya ucuz qiymətə neft-qaz satmağa düçar olaraq karbohidrogen diskontuna çevrilib. "Ucuz mallar" mağazasının bənzəri olan karbohidrogen diskontu çox böyük dövlət xərcləri olan böyük bir ölkənin yükünü uzun müddət çəkə bilməz". Hurriyyet.az xəbər verir ki, bunu politoloq Xaqani Cəfərli qeyd edib.

Politoloq hesab edir ki, Rusiya Avrasiyanın siyasi ab-havasını müəyyən edən "ana dövlət" statusunu itirəcək və materikin siyasi ağırlıq mərkəzi dəyişəcək: "Ukrayna çoxsaylı problemləri olan postsovet respublikasından regional super gücə çevrilmə yolundadır. Bir neçə ildən sonra, təxminlərimə görə, 3-5 ilə Ukrayna regional super gücə çevriləcək və Avrasiyanın Qərb hissəsində əsas söz sahibi olacaq. Rusiyanın "ana dövlət" statusunu itirməsi, Ukraynın regional super gücə çevrilməsi Avrasiyanın mərkəzində türk dövlətlərinin ağırlıq mərkəzlərindən birinə çevrilməsinə imkan yarada bilər".

Xaqani Cəfərlinin sözlərinə görə, Türkiyədə keçirilən seçkilər bu prespektivin gerçəkləşmə ehtimalın artıra bilərdi: "Təəssüf ki, əks nəticə alındı. Xarici ticarətdəki qorxunc kəsir, valyuta ehtiyatlarının yetərsizliyi, yüksək xarici borc və cilovlanması mümkün olmayan infilyasiya Türkiyəni Pakistan düşdüyü faciəli böhrana doğru sürükləyir. Buna görə də Türkiyəyə ümid etmək türk dövlətlərinin və xalqlarının gələcəyinə təhlükə altına atmağa səbəb ola bilər. Azərbaycanın önə çıxmasının zamanı yaxınlaşmaqdadır. İran və Rusiyadakı türk toplumlarının istiqlaliyyət əldə etməsi Azərbaycanı Avrasiyanın mərkəzində güclü dövlətə çevirəcək".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az