"Rusiya Avropa İttifaqının Azərbaycana qarşı təzadlı siyasətindən faydalanır" - MƏHƏMMƏD ƏSƏDULLAZADƏ
"Azərbaycan İtaliya, Böyük Britaniya və Avropa İttifaqının digər ölkələri ilə silah ticarəti istiqamətində yeni sazişlər bağlamalı, müasir silahlarla ordunu təchiz etməlidir"
"Fransanın Ermənistana silah satışı həyata keçirməsi Avropa İttifaqının razılığı ilə baş tutub. Bu isə özlüyündə Avropa İttifaqının Ermənistan və Azərbaycana qarşı silah embarqosonun götürülməsi deməkdir". Hurriyyet.az xəbər verir ki, bunu Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə qeyd edib.
Politoloq hesab edir ki, bununla da Azərbaycan İtaliya, Böyük Britaniya və Avropa İttifaqının digər ölkələri ilə silah ticarəti istiqamətində yeni sazişlər bağlamalı, müasir silahlarla ordunu təchiz etməlidir: "Azərbaycanın Avropa ölkələrindən Çexiya, İtaliyadan müəyyən sayda silah idxal etmişdi. Hazırda Avropa İttifaqının ölkələri silah satışında maraqlıdır. Azərbaycan Avropa İttifaqı ölkələri ilə təmaslarını inkişaf etdirməlidir. Ermənistanın baş naziri Nikol Paşinya Böyük Britaniya, İtaliya, Fransa və digər Avropa ölkələri ilə siyasi əlaqələri inkişaf etdirir və yeni hərbi əməkdaşlıq müqavilələri bağlayır. Azərbaycan Avropa İttifaqı ilə əlaqələri yüksək səviyyədə qaldırmalı və müəyyən fikir ayrılıqlarının aradan qaldırılmasına çalışmalıdır".
Məhəmməd Əsədullazadənin sözlərinə görə, bu gün Rusiya Avropa İttifaqının Azərbaycana qarşı təzadlı siyasətindən faydalanır: "Rusiya Azərbaycanı tərəfdaş və qarışıqlı etimad müstəvisində bir ölkə kimi görmür. Rusiya müəyyən qədər güc toplayarsa, Azərbaycanı təhdid edəcək. Necə ki, Ukraynaya hücumdan iki gün öncə Azərbaycanla strateji müttəfiqlik müqaviləsi imzaladı. Rusiya rəhbərliyi tarix boyu öz imzasına hörmət etməyənlərdən ibarət olub".
Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.az