📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rusiya, Azərbaycan və Ermənistan liderlərinin görüşündən gözləntilərimiz: Sülh sazişi imzalanacaq?

2021-11-09 13:38:00

Rusiya, Azərbaycan və Ermənistan liderlərinin görüşündən gözləntilərimiz: Sülh sazişi imzalanacaq?

Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında videokonfrans vasitəsilə danışıqların aparılması üzərində iş gedir, lakin dəqiq tarix hələ müəyyən edilməyib. Bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlama verib.

“Putin, Əliyev və Paşinyanın videokonfrans görüşü mövzusunu izah edirəm. Doğrudan da biz təsdiq etmişik ki, belə görüşə hazırlıq üzərində iş gedir, amma burada biz qeyd etmək istəyirik ki, hələlik dəqiq razılaşma və belə görüşün nə zaman baş tuta biləcəyi barədə anlaşma yoxdur. Bu iş davam edir”, - deyə D.Peskov bildirib. Xatırladaq ki, bundan əvvəl İlham Əliyev, Vladimir Putin və Nikol Paşinyan arasında videokonfrans formatında üçtərəfli görüşün noyabrın 9-da, yaxud 10-da baş tutacağı açıqlanmışdı.

Maralıdır ki, çoxdandır gözlənilən Rusiya, Azərbaycan və Ermənistan liderlərinin görüşündə hansı qərarlar verilə bilər?

Politoloq Ramiyə Məmmədova "Hürriyyət"ə müsahibəsində deyib ki, Ermənistanın daxilində gedən proseslərə nəzər saldıqda Paşinyana qarşı cəmiyyətdə ikili münasibətin olduğu məlum olur:

"Bu həftə Rusiya, Azərbaycan və Ermənistan liderlərinin görüşü gözlənilir. Artıq, müharibədən bir il ötür və zəfər bayramımızı qeyd edirik. Ləyaqətimizi və qürurumuzu bərpa etdik. 30 ildən sonra torpaqlarımızı geri qaytardıq. Bunu təkcə zəfər bayramı kimi qeyd etmirik, bu həm də bizim mənliyimizin bayramıdır. Əslində, qazandığımız qələbə onu göstərdi ki, biz bir millət olaraq hər zaman birləşə bilirik. Yəgin ki, son zamanlar baş verən bütün proseslər və Ermənistanın daxilində gedən proseslərə nəzər salsaq görərik ki, Paşinyana qarşı cəmiyyətdə ikili münasibət var. Bir tərəf dəstəkləyir, digər tərəf isə müharibə istəmir. Fikir versək görərik ki, digər tərəf isə Paşinyanın məğlubiyyətini qabartmağa çalışır. Təbii ki, daxildə Paşinyana qarşı böyük təzyiqlər var. Ermənistan dövləti başqa çıxış yolunun olmadığını artıq anlamağa başlayıb. Verilən bəyanatlardan da bu aydın olur. İnfrastruktur məsələsini problemə çevirirlər".

Politoloq bu həftə baş tutacaq görüşdən sülh sazişinin imzalanmasını gözləmədiyini qeyd edib. Ramiyə Məmmədova onu da deyib ki, Rusiya istədiyi hər şeyi Ermənistana elətdirməyə qadirdir:

"Paşinyan çıxışında Zəngəzur dəhlizinin deyil, yolların bərpası şəklində ifadə edir. Bu da Ermənistan daxilində gedən siyasi məsələlərlə bağlıdır. Buna baxmayaraq, Rusiya Zəngəzur dəhlizinin açılmasında maraqlıdır. Dəhlizin açılması Rusiyaya lazımdır. Rusiya istədiyi hər şeyi Ermənistana elətdirməyə qadirdir və belə də edəcək. Bu məsələ böyük bir məqamdır. Lakin, sülh sazişinin imzalanmasına Ermənistan hələ ki, susur. Ermənistan hələ də məğlubiyyətini qəbul etməmək üçün dirənir. Belə olduğu halda isə sülh sazişinə imza atmaq istəmir.  Putin-Ərdoğan görüşünü nəzərə almaq lazımdır. Bu görüşdən irəliləyən məsələlər Azərbaycan və Ermənistanda gedən proseslərin gələcək addımını göstərəcək.  Bu həftə baş tutacaq görüşdən də sülh sazişinin imzalanmasını gözləmirəm. Amma, regionda gedən bir çox problemlərin  həlli öz yerini tapmağa labüddür".

modern.az_photo_447427_888.jpg