📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rusiya bataqlığına doğru daha bir addım

2021-11-02 14:00:00

Rusiya bataqlığına doğru daha bir addım

 

Gürcüstanda seçkini kim “qazandı”: “Gürcü arzusu”, yoxsa “rus arzusu”?

Gürcüstanda belə ifadə etsək, dünyanın diqqətinin cəmləşdiyi bələdiyyə orqanlarına seçkilərin ikinci turu başa çatdı. Saakaşvilinin geri dönüşü ilə canlanan siyasi ab-hava "Gürcü arzusu" iqtidarının legitim yolla hakimiyyətdən uzaqlaşdırılmasına ümid işığı yandırsa da, bu, Bidzina İvanişvilinin sponsorluq etdiyi iqtidarın getməsi üçün yetərli olmadı. Əslində, bu seçkilər, hansı əhəmiyyətə malik olması baxımından, elə də bəsit deyildi. Çünki bu seçkilər rus-fransız tandeminin məhsulu olan "Gürcü arzusu" hakimiyyətinin legitim yolla dəyişdirilməsi üçün fürsət idi. İndi isə itirilmiş fürsət oldu. İtirilmiş fürsətlər nələrdə öz əksini tapır? Bu barədə danışacağıq, öncə açıqlanan seçki nəticələrindən, yaxud "Gürcü arzusu"nun qələbəni necə qazandığından danışaq.

Həm Gürcüstan cəmiyyətinin fəallarının, həm jurnalistlərin açıqlamalarından bəlli olur ki, "Gürcü arzusu" qələbəsinin əldə olunmasında seçicilərin pulla alınması, büdcədən maliyyələşən təşkilatların əməkdaşlarının işdən qovulmaqla təhdid edilməsi, müxalif namizədlərə verilmiş səslərin bülletenlərinin keçərsiz sayılması, hətta kriminal elementlərin təhdid metodlarından istifadə edilib. Son məlumatlara görə, “Gürcü arzusu” altı bələdiyyənin şuralarında birpartiyalı çoxluğa malik ola bilməyəcək və həmin bələdiyyələrdə üstünlük ümumi müxalifətin əlindədir. "Gürcü Arzusu"nun üstünlük əldə edə bilmədiyi bələdiyyələr bunlardır: Batumi, Zuqdidi, Martvili, Çxorocğu, Calenjixi və Rustavi.  "Gürcü Arzusu" partiyasının rəhbəri İrakli Kobaxidze sözügedən bələdiyyələrdə çoxunluğun formalaşdırılması üçün müxalifət üzvləri ilə danışıqlar aparacaqlarını bildirib.

“Lelo” Partiyasının sədri Mamuka Xazaradze isə müxalifətin parlament qarşısında keçirdiyi mitinqdə deputat mandatından imtina etdiyini bildirib. Xazaradze çıxışında azad Gürcüstan və gələcək nəsillər üçün qələbəyə qədər mübarizəni davam etdirəcəyini bildirib.

ABŞ-ın Gürcüstandakı səfirliyi isə 30 oktyabr seçkilərini şərh edərkən bəzi problemlərin olduğunu, lakin ümumi olaraq seçkilərin sakit və yaxşı təşkil olnduğunu bildirsə də bu "Gürcü arzusu"na 100 ballıq sistem üzrə uzağı 55 bal qiymət verməkdir, o da inzibati təşkilatlığıa verilən qiymətdir. Amma "Gürcü arzusu" Rusiyayönümlü olduğuna görə, onun qiyməti "5" ballıq sistemdə "3"dür. "ODİHR-in bütövlükdə seçkinin sakit və yaxşı təşkil olunaraq keçdiyi ilə bağlı qiymətləndirməsini biz də bölüşürük, lakin seçicilərin təhdid və təzyiqləri ilə bağlı iddialar yenə mövcuddur. Mənfi ritorikanın kəskinləşməsi ilə davam edən qütbləşmə seçki prosesinə mənfi təsir göstərdi. Resursların kəskin disbalansı və hakimiyyətdə olmağın yaratdığı qeyri-mütənasib üstünlük rəqabətin şərtlərini dəyişdi", - ifadələri bir çoxları tərəfindən deyilən nöqsanları kifayət qədər vurğulayır. Məsələn, ODİHR müşahidəçilərin partiya tərəfdarı kimi çıxış edərək prosesə zaman-zaman müdaxilə etməsi, bəzi seçki məntəqələrindən kənarda olan ayrı-ayrı qrupların seçicilərə təsir göstərə bilməsi, Mərkəzi Seçki Komissiyasının ikinci turun peşəkar və şəffaf keçirilməsi ilə bağlı qərarına baxmayaraq, hələ də aşağı seçki komissiyalarının qərəzli olması ilə bağlı narahatlıqları, həm də ABŞ səfirliyinin monitorinq qruplarının bir neçə seçki məntəqəsində oxşar qərəzliliyi və müdaxiləni müşahidə etməsini narazılığın etirafı saymaq olar. Həmçinin, Avropa İttifaqının Gürcüstandakı Nümayəndəliyi Aİ ölkələrinin Gürcüstanda akkreditə olunmuş missiyalarının rəhbərləri ilə razılaşdırmaqla yerli seçkilərin ikinci turu ilə bağlı bəyanat yayıb. Aİ ölkələrinin nümayəndələri hökuməti tənqid edir və hesab edirlər ki, ikinci raundda xüsusilə inzibati resurslardan sui-istifadə və aqressiv ritorika ilə bağlı yeni çatışmazlıqlar yaranıb.

Bu yöndə daha bir etiraf odur ki, 140 seçki məntəqəsində bülletenlər yenidən sayılmasıdır. Səbəb odur ki, müxalifət seçki nəticələri ilə razılaşmır. Bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Giorgi Kalandarişvili deyib və bildirib ki, səs sayımı noyabrın 1-də, saat 17:00-da (dünən – red.) videomüşahidə altında başlanacaq. Bundan sonra isə rəsmi nəticələr MSK saytında yayımlanacaq.

Müxalifət isə noyabrın 6-da Tbilisidə genişmiqyaslı etiraz aksiyası keçirəcəyi bildirilir. Artıq “Vahid Milli Hərəkat”ın mətbuat xidməti məlumat yayıb. Ötən gün parlament önündə baş tutan etiraz aksiyası zamanı "Vahid Milli Hərəkat"ın sədri Nika Melia mitinqin 7 noyabrıda keçiriləcəyini elan etsə də tarix 2021-ci il 6 noyabra keçirilib.

İndi isə itirilmiş fürsət, yaxud "Gürcü arzusu"nun rus himayədarlarından nümunə götürərək qəsb etdiyi "oğurlanmış seçki"yə nəzər salaq. İlk növbədə deyək ki, "Gürcü arzusu" bələdiyyə seçkilərində baryer sayılan 43%-i keçə bilməsə və məğlub olsa idi, növbəti mərhələ parlament seçkilərinə gediləcəkdi və qanuni-hüquqi müstəvidə hakimiyyət dəyişməsi baş tutacaqdı. Amma hakimiyyətin "Gürcü arzusu"nun əlində olması sayəsində dövlətin resurslarını səfərbər etməklə seçki saxtakarlığı törədərək özünü qalib kimi təqdim edib, müxalifətə meydan oxumaq "su içmək" qədər asan oldu.

İkincisi, "Gürcü arzusu"nun "rus arzusu"nu həyata keçirməsi Rusiyanın Qafqazda gücünə güc qatması, Cənubi Qafqazın Moskvanın təsir dairəsində olmasının təsdiqlənməsi ilə nəticələnəcək. Nə qədər ABŞ hərbi gəmiləri Qara dənizdəki Gürcüstan limanlarına yan alsa da.

Yeri gəlmişkən, burada bir haşiyə çıxaraq deyək ki, ABŞ Hərbi Dəniz Donanmasının “Mount Whitney” flaqman komandanlıq gəmisi NATO-ya üzv dövlətlərin qüvvələri ilə birlikdə əməliyyat keçirmək məqsədi ilə Qara dənizə doğru hərəkət edib.

Bu, yəni "Gürcü-rus arzusu"nun seçkiləri saxtakarlıqla qazanması, Ermənistanı kənara qoyaq, Azərbaycana da yaxşı şeylər vəd etmir. Çünki kiçik dövlətlər onların uğrunda nüfuz mübarizəsi aparan böyük dövlətlərin maraqlarının ziddiyyətləri üzərində oynamaqla müstəqilliyini saxlaya və sağ qala bilirlər. Yəqin ki, bizim ölkəmizi Rusiya ilə müqayisə etikdə, ilk növbədə resurs baxımından Moskva ilə Bakı arasında "=" işarəsi qoyulmasının məntiqsizliyinin fərqindəyik. Üstəlik, Rusiyanın Azərbaycan və region ölkələrinin xarici siyasətinə təsir gücünün və rıçaqlarının olduğunun, bəzi dövlətlərin "rus ayısını" qıcıqlandırmamaq üçün siyasətinə "korrektə" etməli olduğunun da fərqindəyik. Misal üçün, son günlərdə Türkiyə tərəfinin Ukraynaya ondan aldığı PUA-ları "türk PUA"sı kimi təqdim etməsinin düzgün olmamasını qeyd etməsini gördük. M.Saakaşvilinin Gürcüstanda qalib gəlməsi ən azından Bakının Qərb ilə Rusiya arasında manevr imkanlarını genişləndirməkdə mühüm amil ola bilərdi. Beləliklə, Gürcüstanda Kremlin maraqlarını təmin etməyən hakimiyyət tək Tiflisin özü üçün yox, digər bölgə dövlətləri üçün də gərəkli idi.

Daha bir məqam. "Gürcü arzusu"nun hakimiyyətinin davam etməsilə Tiflis tərəddüdlə yanaşdığı, böyük ehtimalla Rusiyanın marağında olduğu "3+3" formatında iştiraka daha isti münasibət göstərəcək. Baxmayaraq ki, ortada Rusiyanın əsəri olan Gürcüstanın iki bölgəsinin işğal faktı var. Bu format bizim üçün də mühüm olsa da Rusiyanın əlinin güclənməsini də vurğulayan nüansdır.

Xarici siyasətdə Rusiyanın təsiri ilə "şimal küləyi"nin güclənməsi ölkənin daxili siyasətinə mütləq təsir edir. İlk növbədə daxildə Kremlin maraqlarının "keşiyində duran" “Troya atları”nın vasitəsilə. Bizdə bu nümunələr kifayət qədər üzdə görünürdü və hələ də var. Dövlətin idarəetmə sistemini Rusiyanın koloniyası kimi yönətməklə çirkinləşdirən Ramiz Mehdiyev və hərbi sahəni Kremldən kurasiyaya təslim etmiş Nəcməddin Sadıqov misalları hələ köhnəlməyib. "Daş altında yatan ilanlar" kimi bənzər, hələ ifşa olunmamış xain elementlər hələ tam təmizlənməyib. Gürcüstanda da "Gürcü arzusu" ilə vəziyyət o qədər də fərqli deyil. Sadəcə, Cənubi Osetiya və Abxaziyanın işğalı faktoru "Gürcü arzusu"nun açıqca ABŞ-dan üzünü Rusiyaya döndərməsinə mane olur.  

Bəs müxalifətin qalib gələcəyi təqdirdə vəd edilən dəyişikliklər hansı yenilikləri gətirəcəkdi? Xatırladaq ki, “Vahid Milli Hərəkat”ın hazırkı lideri Nika Melia seçkilərdə qalib gələcəyi təqdirdə bələdiyyə administrasiyasının tərkibini müxtəlif partiya üzvləri ilə quracağını bəyan etmişdi. Bu, yerli özünüidarəetmənin koalisiya əsasında yürüdülməsini idarəetmə sisteminə gətirəcəkdi. Əslində bələdiyyə idarəçiliyinin koalisiya əsasında sistemləşdirilməsi parlament sxeminin idarəçiliyin ilkin səviyyəsi olan yerli özünüidarəetmə orqanlarında əks olunmasıdır ki, bu da nəinki Qafqazda həm də post-sovet məkanında yenilik olardı. Sözün düzünə qalsa, bu təşəbbüs elə cəmiyyətin demokratikləşdirilməsində əsas baza addım sayıla bilər. Və deyək ki, bu təşəbbüs Azərbaycan üçün də daxili idarəetmə sisteminin islah olunmasında səmərəli ideya ola bilər. 

Sonda isə deyək ki, Mixail Saakaşvilinin vəkili Nika Qvaramiya, eks-prezidentin Qori xəstəxanasına köçürülməsi, oradan isə qondarma Osetiya çevik polisi tərəfindən oğurlanmasını planlaşdırıldığını iddia edir. Gürcü media resursları xəbər verir ki, Qvaramia bu barədə Mixeil Saakaşvili ilə həbsxanada görüşdükdən sonra açıqlama verib. Onun sözlərinə görə, Saakaşvilinin səhhəti hər keçən gün daha da pisləşir, lakin qəti şəkildə həbsxana xəstəxanasına getməyə razı deyil. "Bizdə olan məlumata əsasən, onun Qori xəstəxanasına köçürülməsi planlaşdırılır. Həmçinin, oraya köçürüldükdən sonra qondarma Osetiya çevik polisi tərəfindən oğurlanması da planlaşdırılır", - deyə N. Qvaramia bəyan edib.

Sözümüzü bitirərkən deyək ki, hazırkı gürcü hakimiyyətinin seçi saxtakarlığına sözün əsl mənasında damğa vuran məqam bir qadın seçicinin bülletendə əvvəlcə hakim partiya namizədini işarələməsi, sonra isə bunu pozub müxalifət namizədinin qarşısında işarə qoyması və bülletenin keçərsiz sayılmaması üçün aşağıda bu davranışının əsaslandıran iki səbəbi sadalaması oldu…

Ülviyyə ŞÜKÜROVA