Rusiya Belarusa hərbi qüvvə və texnika göndərir – NATO bunu təhdid hesab edir
Hurriyyet.az Almaniyanın “Velt” nəşrinə istinadla xəbər verir ki, Belarusda Rusiya ilə birgə hərbi təlimlər başlanıb.
İttifaq dövlətinin hərbi qüvvələrinin təlimi “İttifaq qətiyyəti – 2022” adlanır.
RF Müdafiə Nazirliyinin mətbuat xidmətinin açıqlamasında deyilir: “Poliqonlarda hərbi hazırlıq mərhələsində qanunsuz silahlı birləşmələrə qarşı mübarizə və onlardan müdafiə məşqləri aparılır”.
Təlimlər 2 mərhələdə keçiriləcək. Birinci mərhələ fevralın 9-na qədər davam edəcək. Bu dövrdə Rusiyadan Belarusa şəxsi heyət və hərbi texnika göndəriləcək, bir neçə hərbi birləşmə yaradılacaq və daha mühüm dövlət obyektlərinin, həmçinin hava məkanının sərhədlərinin müdafiəsi formalaşdırılacaq.
Manevrlərin ikinci mərhələsi fevralın 10-da başlanacaq. Bölmələr Belarusun cənub və qərb sərhədlərində şərti xarici təcavüzü dəf eləmək üzərində işləyəcəklər. Təlimlər 5 poliqonda, 4 aerodromda (təyyarə meydanında) keçiriləcək. Təlimlərdə iştiraka motoatıcı bölmələr, artilleriya qrupları, tankların və piyada hərbi maşınların heyətləri, tankəleyhinə raket komplekstlərini idarə edən bölmələr cəlb olunublar.
“İttifaq qətiyyəti” təlimləri Qərbdə narahatlıqla qarşılanıb. NATO-nun Baş katibi Yens Stoltenberq 31 yanvar tarixli açıqlamasında bildirib ki, Belarusa Rusiya hərbçilərinin göndərilməsi Ukrayna ərazisinə müdaxilə üçün istifadə edilə bilər. Moskva ilə Minsk isə bu təhdidin mövcudluğunu inkar edirlər.
Hürr Tərcüman