"Rusiya bir neçə ildən sonra üçüncü dünya dövlətinə çevriləcək" - XAQANİ CƏFƏRLİ
"Özünü milli maraqların təminatçısı kimi göstərən Putinin hakimiyyəti illərində Rusiyanın Qərbdən texnoloji asılılığı artıb"
"Putinin 22 illik hakimiyyəti ərzində Rusiyada yaratdığı hibrid siyasi rejimə uyğun iqtisadi sistem də formalaşıb. Tənqidçilərinin “Putinekonimika” adlandırdıqları bu iqtisadi sistemin mahiyyəti ondan ibarətdir ki, ümumdaxili məhsulun artıb-azalmasından asılı olmayaraq, oliqarxların və hakimiyyətin ətrafında formalaşmış iş adamlarının gəlirləri artmaqda davam edir". Hurriyyet.az-ın məlumatına görə, bunu politoloq Xaqani Cəfərli deyib.
Politoloqun sözlərinə görə, özünü Rusiyanın milli maraqlarının təminatçısı kimi göstərərək Qərblə qarşıdurma görüntüsü yaradan Putinin hakimiyyəti illərində Rusiyanın Qərbdən texnoloji asılılığı da artıb: "Rusiyanın ən nüfuzlu ali məktəblərindən biri olan “Ali İqtisad Məktəbi” Milli Araşdırma Universitetinin apardığı araşdırma zamanı məlum olub ki, son 20 ildə Rusiyanın xaricdən aldığı texnologiyaya sərf etdiyi vəsaitin miqdarı 12,2 dəfə artıb. Belə ki, əgər 2001-ci ildə Rusiya 395,4 milyon dollarlıq texnologiya idxal edibsə, keçən il bu məbləğ 4,825 milyard dollara çatıb".
Xaqani Cəfərli hesab edir ki, Rusiyanın xarici ölkələrdən, ilk növbədə Qərbdən texnoloji asılılığı artmaqda davam edəcək: "Çünki Qərbin sanksiyaları ilə yanaşı, Rusiyadan beyin və kapital axını daha da sürətlənib. Mütəxəsislər isə belə davam edəcəyi halda bir neçə ildən sonra Rusiyanın üçüncü dünya dövlətinə çevriləcəyi ilə bağlı xəbərdarlıq edirlər".
Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.az