📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Rusiya "böyük yeddilər"ə qarşı BRİKS-i gücləndirmək istəyir" - ELXAN ŞAHİNOĞLU

2022-07-05 13:52:00

"Kreml BRİKS və Şanxay Əməkdaşlıq Təşkilatı vasitəsilə ABŞ əleyhinə çoxqütblü dünya formalaşdırmağa çalışır"

"Böyük yeddilərin" (ABŞ, Böyük Britaniya, Kanada, Almaniya, İtaliya, Fransa və Yaponiya) ötən həftə Almaniyada gerçəkləşən toplantısında əsas müzakirə mövzusu Rusiya idi. "Böyük yeddilər" Rusiyaya qarşı sanksiyaların sərtləşməsi barədə fikir mübadiləsi apardılar. Ancaq hələ ki, Qərb dövlətlərin ortaq qərarları Rusiyanı durdurmur". Hurriyyet.az xəbər verir ki, bu fikirlər "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğluna məxsusdur.

Politoloq qeyd edib ki, "Böyük yeddilər" Rusiya ilə Çin arasında tərəfdaşlıq münasibətlərindən də narahatdırlar: "Təsadüfi deyil ki, "böyük yeddilər" Pekinin Kremlin siyasətinə təsir etməsini istəyiblər. "Böyük yeddilərin" məntiqinə görə, Pekin Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsini durdurmaq üçün Kremlə təzyiq etməlidir. Bunun reallaşması mümkün deyil. Əksinə, Pekin Rusiya-Ukrayna müharibəsinə görə Qərbi ittiham etməkdə maraqlıdır. "Böyük yeddilər" bir tərəfdən Pekini yola gətirməyə çalışırlar, digər tərəfdən NATO-nun yeni konsepsiyasında Çin təhlükələrdən biri kimi dəyərləndirilib. Pekin NATO-nun bu dəyərləndirməni təxribatçı adlandırıb. Pekin hesab edir ki, NATO "soyuq müharibə" dövründəki baxışlarını davam etdirir. Pekin NATO-nun Avropanı qarışdırdığını, indi isə hədəf kimi Asiya qitəsini seçdiyini bildirib".

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbərinin sözlərinə görə, Kreml "böyük yeddilər"ə qarşı BRİKS-in (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikası) sıralarını genişlədirməyə qərar verib: "Rusiyanın xarici işlər naziri Sergey Lavrov artıq genişlənmə prosesinə start verildiyini bildirib. Lavrov növbəti iki ölkənin adını da çəkib: "Argentina və İran layiqli namizədlərdir". İran BRİKS-ə üzv olmaq üçün müraciət göndərib. Argentinanın da Braziliyanın ardınca təşkilata qoşulmaq istəyi var. Rusiyanın məqsədi aydındır. Kreml BRİKS-i genişləndirmək yolu ilə ətrafında Qərbə qarşı siyasi blok formalaşdırmağa çalışır. BRİKS ölkələri Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəni dəstəkləmirlər. Buna baxmayaraq, BRİKS ölkələrinin Rusiya ilə əməkdaşlıqlarını davam etdirmələri və Kremllə təmaslarını davam etdirməsi də prezident Vladimir Putin üçün vacibdir. Kreml BRİKS və Şanxay Əməkdaşlıq Təşkilatı vasitəsilə ABŞ əleyhinə çoxqütblü dünya formalaşdırmağa çalışır".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az