📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Rusiya cəmiyyətini sirkələmək üçün yeni cəhd edilir" - XAQANİ CƏFƏRLİ

2021-12-16 10:52:00

"Putin Bortnikovu FTX-nin rəisi vəzifəsindən azad etsə, onun yerinə Sergey Korolyovu təyin edəcək"

"Gulagu.net saytının təsisçisi Vladimir Oseçkin 2016-2019-cu illərdə məhbuslara verilən işgəncələrlə bağlı daha bir arxivi Rusiyadan çıxara bildiklərini açıqlayıb. Oseçkinin sözlərinə görə, yeni arxivdə bəzi şimal vilayətlərində - Krasnoyarsk, Transbaykal və Primorsk bölgələrindəki həbsxalarda məhbuslara işgəncə verilməsini əks etdirən minlərlə video və foto görüntü var. Gulagu.net ilk görüntüləri açıqlayanda bu məlumatların Rusiya hakimiyyətindəki “qırğılar”ın mövqeyinin zəiflədilməsinə xidmət edə biləcəyini yazmışdım. Bir müddət sonra Putin “qırğılar”ın əsas simalarından biri, Federal Penitensiar Xidmətin rəhbəri Aleksandr Kalaşnikovu vəzifəsindən azad etdi. Növbədə Federal Təhlüksizlik Xidmətinin rəisi Aleksandr Bortnikovdur". Hurriyyet.az xəbər verir ki, bunu politoloq Xaqani Cəfərli deyib.

Politoloqun sözlərinə görə, əgər yaxın aylarda Putin Bortnikovu FTX-nin rəisi vəzifəsindən azad etsə, onun yerinə Sergey Korolyovu təyin edəcək: "Bu ilin fevralında FTX-nin rəis müavini təyin edilən S.Korolyov FTX-dəki “qırğılar” qrupuna daxil olmayan yeganə rəhbər şəxs hesab olunur. Fransanın həftəlik L’Obs jurnalı isə SSRİ-nin süqutundan otuz il sonra “kulaklar qayıdır” başlıqlı məqaləsində FTX-nin ən məxfi bölmələrindən biri olan “M” şöbəsiin bütün həbsxana sisteminə nəzarət etdiyini, insanlara işgəncə verilməsinə rəhbərlik etdiyini yazıb. Rusiya həbsxanalarındakı minlərlə dəhşətli işgəncə faktını təsdiq edən görüntülərin Avropaya çıxarılaraq yayılması iki məqsəd daşıya bilər. Birinci məqsəd iqtidardakı “qırğılar”ı zərərsizləşdirməkdən ibarət ola bilər. İkinci məqsəd isə daha böyük, Rusiya cəmiyyətin sirkələmək cəhdi ola bilər. Son zamanlar baş verən bir neçə hadisəni ard-arda düzdükdə belə qənaət yaranır ki, Rusiya cəmiyyətini sirkələmək üçün cəhd edilir. Proses Rusiya həbsxalarındakı işgəncələri əks etdirən arxivin Avropaya çıxarılaraq yayılması ilə başladı. Ardınca Sülh üzrə Nobel mükafatı laureatı, “Novoy qazeta”nın baş redaktoru Dmitri Muratovun Nobel Sülh Mükafatı mərasimindəki çıxışı zamanı işgəncələrə qarşı Beynəlxalq Tribunal yaradılması təşəbbüsü ilə çıxış etdi. Ardınca Rusiyanın ən məşhur rejissorlarından biri olan Aleksandr Sokurov Putindən ruslarla birlikdə yaşamaq istəməyən xalqların azad buraxılmasını tələb etdi. Daha sonra Rusiyanın ən məşhur vəkillərindən biri, Moskva Vəkillər Kollegiyasının vitse-prezidenti Henri Reznik Putinin hüzurunda Rusiyanın bütün dünyanın düşməninə çevrildiyini bəyan etdi".

Xaqani Cəfərli hesab edir ki, bu dəfə Putinin qarşısında cəmiyyətin müəyyən bir qismində haqqında Mərkəzi Kəşfiyyat İdarəsinin agenti obrazı yaradılan müxalifət lideri Aleksey Navalnı dayanmayıb: "Avtoritar liderə meydan oxuyanlar Nobel mükafatı laureatı, “Novoy qazeta”nın baş redaktoru Dmitri Muratov, çoxsaylı mükafatların sahibi rejissor Aleksandr Sokurov və Rusiyanın ən məşhur vəkillərindən biri, Moskva Vəkillər Kollegiyasının vitse-prezidenti Henri Reznik kimi simalardır. Onları adi cinayətkar kimi həbsə göndərmək Putin kimi avtoritar lider üçün də asan deyil. Belə görünür ki, Rusiya cəmiyyətini sirkələmək üçün yeni bir cəhd edilir. “Rusiyanın yaxınlaşan parçalanması” mövzusu isə ictimai-siyasi mühitdə müzakirə olunan mövzuların sırasında ən öndə dayanır".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az