“Rusiya dayandırılmasa, müharibə maşını bizə yönələcək”
“Rusiya dayandırılmasa, müharibə maşını bizə yönələcək”.
Hurriyyet.net xəbər verir ki, bunu Almaniya Kansleri Fridrix Merts Ukraynaya həmrəylik səfəri çərçivəsində Kiyevdə Prezident Volodimir Zelenski ilə görüşündə deyib.
O, Rusiyanın Ukraynaya qarşı müharibəsinin dayandırılmaması halında Moskvanın gec-tez Avropaya yönələcəyini bildirib.
Merts Almaniyanın qarşıdakı həftələrdə və xüsusilə qış ayları ərəfəsində Ukraynaya dəstəyini davam etdirəcəyini vurğulayıb.
Qeyd edək ki, Merts Kiyevə xüsusi qatarla səfər edib. Onu iqtisadiyyat və energetika naziri Katerina Reyxe, həmçinin müdafiə və enerji sektorlarından 10 iş adamı müşayiət edib.
Səfər çərçivəsində Ukraynaya yeni hərbi və maliyyə dəstək paketinin elan edilməsi, müdafiə sənayesi sahəsində əməkdaşlığın genişləndirilməsi və ölkənin enerji infrastrukturunun bərpası məsələlərinin müzakirəsi gözlənilir.