“Rusiya donanması tədricən Krımdan qaçır” – “Krımın tam atəş nəzarətinə götürülməsi zaman məsələsidir”
“Rusiyalıların Krımda və Qara dənizlə Azov dənizi sahillərində təhlükəsiz logistika marşrutları yoxdur”.
Hurriyyet.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski “Krım platforması”nın ikinci parlament iclasındakı çıxışında bildrib.
“Krımın tam atəş nəzarəti altına alınması zaman məsələsidir”, - deyə bildirən Zelenski qeyd edib ki, son zamanlara qədər Rusiya hərbi donanmasının Qara dənizdə tam hakim olmasına dair illüziya yaradılmışdı: “İndi bu illüziyalar əriyir. Rusiya hərbi donanması artıq Qara dənizin Qərbində əməliyyatlar keçirə bilmir və tədricən Krımdan qaçır. Bu, tarixi nailiyyətdir”.
Zelenski hesab edir ki, Rusiya başçısının Gürcüstanın Qara dəniz sahilindəki işğal olunmuş ərazilərində yeni hərbi donanma yaratmaqla bağlı bəyanatı məhz Krımdan qaçmaq perspektivinin təzahürüdür. Buna baxmayaraq, Zelenski bildirib ki, Rusiya öz hərbi donanmasını hara köçürsə də, Ukraynanın oraya “əli çatacaq”.
Zelenski deyib ki, Krımda Ukraynanın gəlişini gözləyənlərin sayı durmadan artır və Ukraynanın son hədəfi Krım da daxil olmaqla, bütün işğal olunmuş ərazilərinin azad olunmasıdır.
“AzPolitika.info”