Rusiya dünyanı çörəklə sınağa çəkə bilərmi?
Bir az əvvəl Rusiya Prezidenti Vladimir Putin ABŞ və müttəfiqlərinə qarşı xüsusi sanksiyaların tətbiq edilməsi barədə fərman imzalayıb.
Son günlər dünyanın bir sıra ölkələri, daha çox ABŞ və Avropadan Rusiyaya qarşı ağır sanksiyalar tətbiq edilməyə başlayıb.
Rusiya Mərkəzi Bankının 600 milyard dollardan çox əmlakına həbs qoyulub. Dünya üzrə bir sıra maliyyə hesablaşamaları bloklanıb.
Rusiya SWIFT sistemindən tamamilə çıxarılmayıb. Amma bir neçə əməliyyatların aparılması üçün müstəsnalar qalmaqdadır. Səbəb çox sadədir Avropa neftə və təbii qaza olan ehtiyaclarını Rusiyanın hesabına qarşılayır. Bu baxımdan da alınan neft və mavi qazın pulları ödənilməlidir və buna görə də rusların SWIFT sistemindən təmamilə təcrid hələ ki, mümkünsüz görünür.
Lakin Rusiya dünya iqtisadiyyatında mühim paya sahib olan bir ölkədir. Dünya 2 ildir ki, qlobal pandemiya səbəbindən iqtisadi basqılarla üz-üzədir.
Qlobal pandemiya isə daha çox dövlətlərin ərzaq təhlükəsiliyinə təhdidlər yaradıb. Qapanmalar səbəbindən dünyada ərzaq məhsullarının qiyməti bahalaşıb. Xüsusiilə də strateji olaraq ərzaq buğdasının qiyməti qlobal pandemiya səbəbindən xeyli yüksəlib.
Bəs faktiki Rusiya-Ukrayna müharibəsi fonunda dünyaya ən çox ərzaq buğdası verən Rusiyanın təcrid ediləcəyi təqdirə hansı təhdidlər ortaya qoya bilər?
Beynəlxalq Taxıl Şurasının (IGC) taxıl bazarı üzrə son proqnozlarına görə qlobal buğda istehsalı 2021/2022 marketinq ilində 2020/2021 marketinq ilinə nisbətən 0,5 faiz artaraq 777 milyon ton olacaq.
Hazırda dünya üzrə əsas buğda istehsalçıları Çin, Hindistan, Rusiya, ABŞ və Fransadır. Qlobal buğda istehsalının təxminən 52 faizi məhz bu ölkələrin payına düşür.
Buna görə də, digər əsas buğda istehsalçısı olan Çin son aylarda ciddi şəkildə buğda ehtiyatı yığmağa başlayıb. Yəni satmaqdansa öz ölkəsində ərzaq təhlükəsizliyinə daha çox önəm verirlər.
Statistik məlumatlara görə, Çinin buğda idxalı 2021-ci ilin ilk yarısında ötən ilin eyni dövrü ilə müqayisədə 50 faizə qədər artıb. ABŞ Kənd Təsərrüfatı Departamentinin məlumatlarına görə, 2022-ci ilin ortalarına qədər Çin dünya buğda ehtiyatlarının 51 faizinə sahib olacaq. Və prosseslərin bu şəkildə davam etməsi, müharibənin davam edəcəyi təqdirdə ciddi təhdidlər ortaya qoyacaq. Statistikaya əsasən hazırda Rusiya 39,5 mln ton, Avropa İttifaqı 27,5 mln. ton, Kanada 27,0 mln. ton, ABŞ 27,0 mln. ton və Avstraliya 19,5 mln. ton daxildir.
Lakin ortada təkcə Rusiyanın dünyaya buğda satışını məhdudlaşdırması təhdid yaratmır. Eyni zamanda Ukrayna da dünyanın buğda bazarında payı kifayət qədər böyükdür.
Müharibə yaxın bir ay ərzində ən azı buğda qiymətlərinin dünya bazarında 10-20 faiz artmasına səbəb ola bilər. Rusiya ilə Ukrayna arasındakı gərginliyə görə bölgədə enerji təhlükəsizliyi ön plana çıxsa da, qlobal buğda ticarətində mümkün axsamalar digər kritik risk faktoru kimi dəyərləndirilməyə bilməz.
Dünyanın ən böyük buğda ixracatçısı olan Rusiyanın 2021-ci ildə qlobal buğda ixracında təxminən 26 faiz payı var.
Əsrlər boyu mühüm buğda istehsalçısı olan və Avropanın “çörək səbəti” kimi tanınan Ukrayna dünyanın 6-ci ən böyük buğda ixracatçısı kimi diqqət çəkir. Ukrayna daha çox Qara dəniz ixrac marşrutundan istifadə edir. Ukrayna yaxın qonşularına quru yolu ilə az miqdarda buğda ixrac edir. Ölkənin ixrac etdiyi buğdanın demək olar ki, hamısı Qara dənizdəki limanlardan daşınır.
Hazırda Ukrayna ərazisində yaz əkini aparılmalıdır, amma müharibə gedir. Əkin olmasa, deməli, payızda taxıl olmayacaq. Buna görə də Ukraynanın taxıl əkməməsi və yaxud əvvəlki illərlə müqayisədə daha az əkməsi ciddi problem yaradacaq.
Məhz bu konteksdən yanaşanda həm Rusiyanın ABŞ və müttəfiqlərinə sanksiya tətbiq etməsi, üstəlik də Ukraynadakı savaşın uzun sürəcəyi təqdirdə Avropa ciddi təhdid altına düşəcək. Bu həm dünyada buğdanın kəskin bahalaşmasına səbəb olacaq, həm də Çin bazara az buğda çıxararaq həm daxili təhlükəsizliyini təmin edəcək, həm də daha çox pul qazanmaq istəyəcək.
Yeri gəlmişkən Azərbaycan hər il buğdaya olan təlabatının 97-98 fazini Rusiyadan tədarük edir. Rusiyanın dünya bazarlarını təhdid etməsi durumunda Azərbaycanda bahalıqdan əziyyət çəkə biləcək ölkələr siyahısına düşə bilər.
“Huriyyət” iqtisadiyyat şöbəsi