Rusiya əmək miqrantları üçün deportasiya siyahısını genişləndirdi
Rusiyaya işləmək üçün gələn əcnəbilərin miqrasiya qanunlarını pozduqlarına görə məsuliyyətini artıran qanun qüvvəyə minib.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Rusiya Daxili İşlər Nazirliyinin Miqrasiya Xidmətinin məlumatına görə, yeni normalar 3 noyabr 2026-cı ildə qüvvəyə minib.
Cinayət Prosessual Məcəlləsinin cərimələrlə yanaşı inzibati deportasiyanı nəzərdə tutan maddələrinin sayı 22-dən 45-ə qədər artacaq.
Deportasiyaya səbəb olacaq hərəkətlər aşağıdakılardır:
-dövlət sərhədini qoruyan polis məmurunun və ya hərbi qulluqçunun tələblərinə əməl etməmək;
-xırda xuliqanlıq və ictimai qaydanın pozulması;
-ictimai tədbirlərin keçirilməsi qaydalarının pozulması;
-insan ləyaqətini və ictimai əxlaqı alçaldan məlumatların internetdə yayılması;
-cinsə, irqə, milliyyətə, dilə, yaşa, dini mənsubiyyətə və digər xüsusiyyətlərə görə ayrı-seçkilik;
-nasist və ekstremist simvolların yayılması, ekstremist materialların yayılması;
-fövqəladə vəziyyət, terrorizmə qarşı əməliyyat və ya hərbi vəziyyət qaydalarının pozulması.
Bundan əlavə, deportasiyanın başqa cəza növü ilə əvəz edilə bilməyəcəyi cinayətlərin siyahısı genişləndirilib. Xüsusilə, bura narkotik qaçaqmalçılığı ilə bağlı cinayətlər daxildir.
Dövlət Dumasının sədri Vyaçeslav Volodin vurğulayıb ki, Rusiyaya gələnlər qanuna riayət etməli, rus dilini bilməli və ölkənin mədəniyyətinə və ənənələrinə hörmətlə yanaşmalıdırlar. Bu tədbirlərin ictimai təhlükəsizliyin artırılmasına və miqrasiya sahəsində qayda-qanunun yaradılmasına yönəldiyi deyilir.