📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Rusiya ərazilərinə ehtiyacımız yoxdur, amma...” - Ukrayna XİN Kursk əməliyyatının məqsədini açıqladı

2024-08-13 18:00:56

“Rusiya ərazilərinə ehtiyacımız yoxdur, amma...” - Ukrayna XİN Kursk əməliyyatının məqsədini açıqladı

Ukrayna hazırda öz silahlı qüvvələrinin əməliyyat keçirdiyi Kursk vilayətinin ərazisini ələ keçirməkdə maraqlı deyil.

Hurriyyet.az xəbər verir ki, bunu Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Georgi Tixi mətbuat konfransında deyib: “Rusiyadan fərqli olaraq, Ukraynanın başqasının ərazisinə ehtiyacı yoxdur, amma biz öz xalqımızın həyatını qorumaq istəyirik”.

Diplomat qeyd edib ki, Kursk vilayətinin sərhədboyu rayonlarından təkcə bu il yayın əvvəlindən etibarən Ukraynanın Sumı vilayətinin ərazisinə iki mindən çox zərbə endirilib. Həmçinin, 255 KAB atılıb.

Tixi rəsmi Kiyevin əlində olan bütün silahlarla Rusiya ərazisinin dərinliyinə zərbələr endirmək imkanına malik olmamasından təəssüf etdiyini də əlavə edib: “Özümüzü bu terrordan qorumaq üçün bizim israr etdiyimiz müvafiq qərarlar hələ qəbul edilməyib. Buna görə də Silahlı Qüvvələrin bu sərhəd rayonlarını Ukraynaya zərbələr endirən Rusiya hərbi kontingentindən azad etməsinə ehtiyac var”.

Ukrayna XİN-in nümayəndəsi ordunun müdafiə məqsədilə bütün zəruri tədbirləri həyata keçirəcəyini açıqlayıb: “Avropanın sivil hərbi birləşməsi olan Ukrayna Silahlı Qüvvələri Rusiya ərazisində keçirdiyi hərbi əməliyyatlar zamanı beynəlxalq humanitar hüquqa ciddi şəkildə riayət edir. Buradakı əsas hədəflərimiz hərbi obyektlər, eləcə də onların hərbi kontingentidir. Ölkəmizə müharibəni Rusiyanın gətirdiyi üçün indi də döyüşlərin onun ərazisində davam etməsi tamamilə ədalətli addımdır”.

Georgi Tixinin sözlərinə görə, vəziyyətin sabitləşdirilməsi üçün rəsmi Moskva ədalətli sülhün bərqərarına razılaşmalıdır.

Azpolitika.info