"Rusiya Ermənistanda təsirini qorumaq üçün addımlar atır" - MƏHƏMMƏD ƏSƏDULLAZADƏ
"ABŞ və Fransanın həmçinin, Avropa İttifaqının Azərbaycana qarşı qərəzli mövqeyi artıq öz əleyhlərinə çevirilir"
"Rusiyanın Ermənistanı silahlandırmasının əsas iki məqsədi var. Birincisi, Azərbaycanla Ermənistan arasında mümkün sülh müqaviləsinin bağlanmasının qarşısını almaqdır. İkincisi isə Ermənistanın Qərblə əlaqələrinin mümkün inkişafını önləməkdir". Hurriyyet.az xəbər verir ki, bunu Milli Cəbhə Partiyasının sədr müavini Məhəmməd Əsədullazadə qeyd edib.
Məhəmməd Əsədullazadə hesab edir ki, Rusiya Cənubi Qafqazda geosiyasi mövqelərini Ermənistan vasitəsilə saxlamaq niyyətindədir: "Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan və Türkiyə ilə əlaqələrin normallaşması istiqamətində real addımlar atacaqsa, Rusiyanın Ermənistanda təsiri zəifləyəcək. Əks halda isə Ermənistan Rusiyanın orbitində qalacaq".
Milli Cəbhə Partiyasının sədr müavininin sözlərinə görə, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bağlanması reallaşmaya bilər: "ABŞ və Fransanın həmçinin, Avropa İttifaqının Azərbaycana qarşı qərəzli mövqeyi artıq öz əleyhlərinə çevirilir. Nəticədə sülhə mane olaraq Rusiya Ermənistanda təsirini qorumaq üçün addımlar atır".
Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.az