"Rusiya əsgərinin Xankəndi və ətrafında qalması Azərbaycanın müstəqilliyinə ciddi təhdidlər yaradır" - NATİQ CƏFƏRLİ
"Günün birində Xankəndində olan qondarma qurumu de-facto tanıyan Kreml, sabah onları de-jure tanıyıb bir ömür orda qalmaq üçün o qondarma qurumdan istifadə edə bilər"
"Qərb-Rusiya danışıqlarının ilkin nəticələri onu deməyə əsas verir ki, ciddi bir anlaşma olmayacaq və ya Qərb danışıqları uzatmağa cəhd edəcək, zatən Kreml elə bir şərtlər irəli sürüb ki, anlaşma olmasın. Mümkün ssenarilərdən biri odur ki, Rusiya Donbası, qondarma qurumlar olan “DLR” və “LNR”-i rəsmən tanıyır, tanıyan kimi də Abxaziya örnəyində olduğu kimi onlarla hərbi-strateji ittifaq, müqavilələr bağlayır, “rəsmi” hərbi yardım üçün “hüquqi” əsaslar yaradır". Hurriyyet.az xəbər verir ki, bunu Respublikaçı Alternativ Partiyasının (REAL) icra katibi, politoloq Natiq Cəfərli bildirib.
Politoloq hesab edir ki, növbəti addım kimi Rusiyanın özü yox, tanıdığı qondarma qurumlar Ukrayna ilə müharibəyə başlayır və ya tanınmadan sonra Ukraynanın özü onlara qarşı hərbi əməliyyatlara strat verir: "Bu vəziyyətdə Ukrayna ilə Rusiya birbaşa müharibə etmir, Kreml köhnə taktikası olan qondarma qurumların əli ilə öz maraqlarını hərbi yolla təmin etməyə başlayır. Nəticədə Kreml qondarma qurumların əli ilə Ukraynadan yeni ərazilər qoparmağa, Ukraynanın Azov dənizinə çıxışını tamamən bağlamağa çalışacaq. Əsas hədəflərdən biri Azov dənizində Britaniya ilə birlikdə Ukraynanın qurmaq üzrə olduğu hərbi-dəniz bazasını məhv etmək olacaq".
Çox ağır dövr olduğunu vurğulayan Natiq Cəfərlinin sözlərinə görə, Rusiya, Putin çox tələsir, artıq hadisələri sürətləndirir: "Nədən tələsdiyi haqqında bir neçə dəfə yazmışam və efirlərdə danışmışam, təkaralamaq istəməzdim, amma tələsdiyi açıq-aydın görünür. Bizim üçün həyatı önəmli məsələ odur ki, Xankəndi və ətrafında müvəqqəti yerləşdirilən Rusiya “sülhməramlıları” doğrudan da müvəqqəti olsunlar, onların çıxarılması bizim dövlət siyasətimizin əsas hədəfi olmalıdır. Bunun üçün diplimatik, siyasi, iqtisadi addımların doğru alqoritmi yaradılmalıdır. Çətindir, bilirəm, amma siyasət həm də mümkünlük sənəti, çətin olanı mümkün etmək bacarığıdır. Rusiya əsgərinin Xankəndi və ətrafında qalması ölkənin gələcəyinə, müstəqilliyinə ciddi təhdidlər yaradır, hətta günün birində bu gün Xankəndində olan qondarma qurumu de-facto tanıyan Kreml, sabah onları de-jure tanıyıb bir ömür orda qalmaq üçün o qondarma qurumdan istifadə edə bilər".
Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.az