📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rusiya ətrafında "halqa daralır"/Britaniya parlamenti Rusiya əleyhinə sanksiyaları sərtləşdirdi...

2022-02-11 14:05:00

Rusiya ətrafında

Cümə axşamı, fevralın 10-da Böyük Britaniya parlamenti Rusiyaya qarşı Sanksiyalar Aktına düzəlişləri təsdiqlədi və bu sənədlə daha geniş şəxslərlə təşkilatlara qarşı məhdudiyyətlər tətbiq etməyə imkan verən düzəlişlər parlamentin təsdiqindən dərhal sonra qüvvəyə mindi. Bəs bu sanksiya siyahısı kimlərə hansı şəkildə tətbiq olunacaq?
Qanunun düzəlişlərdən əvvəlki variantı Britaniya hökumətinə Ukraynanın sabitliyinin pozulmasında birbaşa iştirak edənlərə qarşı sanksiyalar tətbiq etməyə imkan verirdi. “RİA Novosti” xəbər verir ki, sənədin yeni redaktə olunmuş variantına əsasən, Rusiya üçün strateji və iqtisadi əhəmiyyət kəsb edən istənilən şəxs və təşkilatlara qarşı sanksiyalar tətbiq oluna bilər.
Dəyişikliklərə dair izahat qeydində deyildiyi kimi, Rusiya Federasiyası hökumətindən faydalanan və ya ona dəstək verən hər kəs indi “sanksiyalara düçar olmuş” şəxslər hesab edilə bilər. Bu kateqoriyaya Ukraynadakı stabilliyin pozulmasına maliyyə xidmətləri, texnologiya, vəsait və resurslar təmin edən, hansısa formada buna töhfə verə bilən, habelə beynəlxalq təşkilatların işinə mane ola bilən, Donbassla və Krımla biznes və ticarət fəaliyyəti ilə məşğul olanlar daxil ola bilər.
"Rusiya hökumətinin faydası və dəstəyi" isə ölkənin hakimiyyət orqanlarına bağlı bir müəssisənin fəaliyyətinin aparılması, mülkiyyət hüququ, bu cür müəssisələrə birbaşa və dolayı nəzarət kimi təsbit olunur. Bu kateqoriyaya belə müəssisələrdə rəhbər vəzifə tutan şəxslər də daxildir.
Hökumətə tabe olan təşkilatlar birbaşa və ya dolayı yolla hakimiyyət tərəfindən idarə olunan, dövlət tərəfindən maliyyələşdirilən, Rusiya Birbaşa İnvestisiya Fondundan (RDIF) və Milli Sərvət Fondundan maliyyə alan və ya başqa şəkildə dövlətdən maddi vəsait alan müəssisələrdir.
Rusiya Federasiyası üçün potensial olaraq sanksiyalara məruz qala biləcək strateji əhəmiyyət kəsb edən iqtisadiyyat sahələrinə kimya, tikinti, hərbi, enerji, elektronika, maliyyə xidmətləri, nəqliyyat, həmçinin informasiya, rabitə və rəqəmsal texnologiyalar daxildir.
Qanunvericiliyə edilən dəyişikliklər hər hansı şəxs və ya təşkilata qarşı avtomatik sanksiyaların tətbiqi demək deyil. Ukrayna ətrafında vəziyyətin gərginləşəcəyi təqdirdə sanksiyalar tətbiq olunacaq.

Ülviyyə, Hurriyyet.az