Rusiya "Gürcü legionu"nun komandirinə cinayət işi açdı
Rusiya Ukraynada döyüşən “Gürcüstan legionu”nun komandiri Mamuka Mamulaşviliyə qarşı müharibə qaydalarının pozulması ilə bağlı cinayət işi açıb. Cinayət işi Mamuaşvilinin rusiyalı hərbçilərə və Rusiya Federasiyası Milli Qvardiyasının Şimali Qafqaz Dairəsinin əməliyyat briqadasının nümayəndələrinə işgəncə vermək və onları öldürmək niyyətləri barədə sözlərindən sonra başlanıb.
Rusiya əmindir ki, hazırda Ukraynada döyüşən “Gürcüstan legionu” komandirinin sözləri hərbi əsirlərlə rəftar haqqında 12 avqust 1949-cu il tarixli Cenevrə Konvensiyasının müddəaları ilə ziddiyyət təşkil edir.
Mamulaşvilinin demək olar ki, bütün həyatı müharibə ilə bağlıdır. O 1992-1993-cü illərdə Abxaziyada gedən döyüşlər zamanı 14 yaşında evdən qaçıb, əsir götürülüb, sonra əsir götürülmüş abxaziyalı ilə dəyişdirilib. Saakaşvili dövründə, 2009-2012-ci illərdə Gürcüstanın müdafiə nazirinin müşaviri olub. 2014-cü ildə Ukraynanın şərqində hərbi əməliyyatlar başlayandan sonra o, Ukraynaya döyüşməyə gedib və orada Gürcüstan Milli Legionunu yaradıb.
Ülviyyə, Hurriyyet.az