"Rusiya Moskva danışıqları üçün əlini sərtləşdirə biləcək tezisləri indidən fikirləşir" - AQŞİN KƏRİMOV
"Rusiya ilə ABŞ sülhün təminində ortaq maraqlar yaratdıqdan sonra Azərbaycanla Ermənistan yekun sənədi imzalayacaq"
"Rusiya Azərbaycan və Ermənistan XİN başçılarının ABŞ-dakı danışıqlarının bu qədər – 4 gün olacağını gözləmirdi. Hesab edirdi ki, müzakirələrin Vaşinqton raundu texniki xarakter daşıya bilər". Hurriyyet.az-ın məlumatına görə, bunu siyasi şərhçi Aqşin Kərimov bildirib.
Siyasi şərhçinin sözlərinə görə, Rusiya Moskva danışıqları üçün əlini sərtləşdirə biləcək tezisləri indidən fikirləşir: "Düşünmək sadəlövhlük olardı ki, yekun sülh sazişində ABŞ-ın üstün mövqeləri daha çox gözə çarpsın. Vaşinqton danışıqları açıq qalan məsələlərin həlli üçün mühüm mərhələ kimi başa düşülməlidir. Vaşinqton Rusiya və Brüssel mərkəzli danışıqlarda razılaşdırılan məqamların ekvivalentində ortaya sənəd qoymağa çalışır ki, bu da hərtərəfli mütləq sülh üçün açardır. Ancaq məsələni irəliyə doğru aparmaq Azərbaycan və Ermənistan danışıqlarının Rusiya raundundakı nəticələrlə düz mütənasiblik təşkil edir".
Aqşin Kərimov hesab edir ki, bir mərhələ digər mərhələ üçün keçiddir: "Bu məntiqlə Rusiya ilə ABŞ sülhün təminində ortaq maraqlar yaratdıqdan sonra Azərbaycanla Ermənistan yekun sənədi imzalayacaq. Rusiyanın təxribat ehtimallarına gəlincə, artıq Qarabağda sülhməramlılar vasitəsilə provakasiya imkanları minimumlaşıb, mümkündür ki, Kreml sərhəddə düyməyə bassın".
Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.az